Qusarda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilir

Press-relizlər / 28.06.2018 / 16:17

İyunun 28-də Qusarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qusar RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev bildirib ki, dini radikalizmlə mübarizə sahəsində müvafiq dövlət orqanlarının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Xüsusən DQİDK-nın bu sahədə apardığı maarifləndirmə işi qeyd olunmalıdır. Natiq bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, rayondakı dini durum və dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizin sahib olduğu dövlət-din münasibətləri modelindən danışıb, dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edib. Qeyd edib ki, bu gün dünyanın əksər dövlətləri dini ekstremizm və terrorizmdən ciddi əziyyət çəkir. Törədilən terror hadisələri nəticəsində ictimai sabitlik pozulur, dövlətin təhlükəsizliyinə təhdidlər yaranır, vətəndaş qarşıdurması yaşanır, milyonlarla günahsız insan qətlə yetirilir, qaçqın və didərgin həyatı yaşayır, tarixi, eləcə də dini memarlıq abidələri yerlə-yeksan edilir. DQİDK sədrinin birinci müavini bildirib ki, bu gün dünyada, əsasən də müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və maraqlı dairələr, beynəlxalq güclər bu amildən məharətlə istifadə edirlər.
Azərbaycanın sahib olduğu multikultural dəyərlərdən və tolerantlıq mühitindən də geniş bəhs edən natiq deyib ki, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi və dini sabitliyin önəmindən danışan S.Salahlı dini radikalizmə qarşı respublika miqyasında aparılan mübarizə tədbirlərinə də toxunub. Qeyd edib ki, dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının qanunlarında da əksini tapıb. Dini radikalizm və ekstremizmlə mübarizə üsulları kimi maarifləndirici, preventiv, profilaktik və inzibati metodlardan istifadə olunur. Təcrübə təsdiqləyir ki, ölkəmizdə müxtəlif məzhəblər arasında dini tolerantlığın qorunmasında, dini radikalizmlə mübarizədə, eləcə də dini maarifçilik işinin aparılmasında dini icmaların üzərinə böyük vəzifə və məsuliyyət düşür. Bu baxımdan adıçəkilən sahələrdə dini icmaların fəaliyyətinin təşkili və koordinasiyası xüsusi əhəmiyyət kəsb edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov keçirilən tədbirin əhəmiyyətindən danışıb və bu həssas mövzularda dini maarifləndirmə işini yüksək səviyyədə həyata keçirən Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, ölkə dindarları dövlətin, onun başçısının diqqət və qayğısından məmnunluq duyurlar. Cənab Prezidentin ayırdığı vəsait hesabına son iki ildə aparılan dini maarifləndirmə işi artıq öz bəhrəsini verməkdədir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bölgədə son illər dini radikalizmə qarşı aparılan mübarizənin müsbət nəticələrini konkret faktlar əsasında sadalayıb. Bildirib ki, əldə olunan nəticələr ölkə rəhbərliyinin din siyasətinin nə qədər düzgün və uzaqgörən olduğunu göstərir. Hamımız bu siyasətin dəqiq və ardıcıl həyata keçirilməsində fəal iştirak etməliyik.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: YAP istənilən vaxt seçkilərə hazır olan partiyadır

Açıqlama
17.03.2015 / 10:11
Ətraflı oxu

Nardaranda “Multikulturalizm və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.05.2016 / 14:30
Ətraflı oxu

Ravvin Abraham Kuper Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə yazıb

Multikulturalizm
11.01.2017 / 16:33
Ətraflı oxu

15 İyun: Azərbaycanın müasir tarixinin dönüş anı

Xəbərlər
16.06.2016 / 09:07
Ətraflı oxu

Bakıda “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib

Arxiv
27.12.2017 / 18:15
Ətraflı oxu

Ali dəyərlərin qoruyucusu

Xəbərlər
21.02.2020 / 09:33
Ətraflı oxu