.jpg&w=1200)
Press-relizlər / 08.06.2018 / 17:24
İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qərbi Kaspi Universitetində “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas, eləcə də təhsil müəssisəsinin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən Universitetin rektoru Andris Leitas bu cür filmlərin gənclərin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb. Rektor gənclərin dini radikalizmin təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında İslam dininin sülh, əmin-amanlıq dini olduğunu bildirərək qeyd edib ki, dinimizin dini radikalizm və məzhəbçilik kimi hallara alət olunması yolverilməzdir. Vurğulanıb ki, ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayır. Bu birgəyaşayış başqaları üçün xəyal kimi görünsə də xalqımız bunu praktikada yaşamaqdadır. Biz həm dövlətimizin, həm də ölkəmizdə ictimai-siyasi sabitlik və təhlükəsizliyin qədrini bilməli, tarixən formalaşmış dəyərlərimizə sahib çıxmalıyıq.
Ölkəmizdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan sədr müavini bildirib ki, yeni nəsil gənclərin məzhəbçilik kimi arzuolunmaz, son dərəcə təhlükəli, zərərli “ideologiyaların”, tendensiyaların təsirindən qorunması əsas prioritet istiqamətlərdən birini təşkil edir.
“Şəhadət” sənədli filminin süjet xətti, Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında danışan sədr müavini gənclərin diqqətli olmalarının, müəyyən dini bilgilərə yiyələnmələrinin, eyni zamanda, onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov isə dini radikalizmə qarşı mübarizə tədbirləri barədə fikirlərini bölüşüb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.