.jpg&w=1200)
Press-relizlər / 01.06.2018 / 09:54
Mayın 31-də Hacıqabul rayonu 6 saylı tam orta məktəbində Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev, məktəbin direktoru Allahverdi Səfərov, Hacıqabul RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasının məsul katibi Natiq Əhmədov , eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev mövzunun əhəmiyyətindən danışıb. M.Rzayev, eyni zamanda əsas insan hüquqlarından sayılan dini etiqad azadlığının təmin olunması və bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Hacıqabul RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasının məsul katibi Natiq Əhmədov “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib. O, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın respublika ərazisində uğurla icra edildiyini diqqətə çatdırıb.
Sonda DQİDK-nın sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.