
Press-relizlər / 26.04.2018 / 12:29
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq aprelin 26-da öz işini davam etdirib.
Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmaliyev, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, gənclər, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmaliyev dövlət-din münasibətləri, eləcə də milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
DQİDK-nın sədr müavini G. İsmayılov çıxışında qeyd edib ki, dövlət tərəfindən mənəvi dəyərlərimizin təbliğinə, dinə, o cümlədən İslam və qeyri-islam təmayüllü dini icmalara diqqət və qayğı göstərilir. Vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da respublikamızda mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dəstək olacaq.
Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı da məlumat verən Dövlət Komitəsinin sədr müavini deyib ki, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq, çünki qanunla xaricdə dini təhsil alan şəxsin ideoloji fərqlilik baxımından ölkədə fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.
G. İsmayılov sonda gənclərə milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov bildirib ki, respublikamızda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə dini etiqad azadlığını təmin edir və bu sahədə yarana biləcək problemləri həll etmək üçün hüquqi əsas yaradır. R. Əsgərov, eyni zamanda gənclərin dini ekstremizm və digər zərərli vərdişlərdən qorunması üçün onlar arasında dini maaairfləndirmə işinin aparılmasının önəmini diqqətə çatdırıb.
İkigünlük seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.