
Press-relizlər / 09.02.2018 / 16:45
Fevralın 9-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan modeli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icmasının sədri Rahim Babayev, Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı Saleh Qafarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri R.Babayev layihə haqqında məlumat verərək humanist dəyərlərlə zəngin olan İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini vurğulayıb, dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin, müsəlmanlar arasındakı vəhdətin, birliyin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev vətənpərvərlik hissinin insanın öz Vətəninə, ailəsinə sevgi və sədaqətindən, onun tarixi, milli və mənəvi dəyərləri üçün qürur hissi keçirməsindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarət olduğunu ifadə edib.
Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı S.Qafarov əsrlərboyu xalqımızın mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, Vətən, ata-ana, yurd sevgisini, milli adət-ənənələrini qoruyub saxladığını və bu ali dəyərlərin öz bütövlüyünü itirmədən gələcək nəsillərə əmanət etdiyini bildirib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.