Press-relizlər / 07.02.2018 / 09:36
Fevralın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizdən qaynaqlanan Vətən sevgisi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala rayon Prokurorunun köməkçisi Toğrul Hüseynzadə, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova iştirak ediblər.
Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Sevda Cabbarova tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə sıx bağlı olmasından, rəhbərlik etdiyi təhsil müəssisəsində şagirdlərlə milli-mənəvi dəyərlər mövzusunda maarifləndirmə işinin aparılmasından bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini qeyd edərək yeniyetmə və gənclərin radikal və qeyri-ənənəvi dini cərəyanların təsiri altına düşməməsi üçün təhsilli və savadlı olmalarının vacib amil olduğunu vurğulayıb. Eyni zamanda cəhalətin və xurafatın yaratdığı dini fanatizmin, dini radikalizmin və ekstremizmin törətdiyi fəsadlardan danışıb, Azərbaycanda tarixən mövcud olan multikulturalizmin və tolerantlığın dünya ölkələri üçün bir nümunə olduğunu bildirib.
Zaqatala rayon Prokurorunun köməkçisi Toğrul Hüseynzadə qeyd edib ki, milli-mənəvi dəyərlərimizdən qaynaqlanan Vətən sevgisi Vətənini, dövlətini, xalqını sevən hər bir Azərbaycan gəncinin qəlbində yaşayır. Bu sevginin daha da artırılması üçün gənclərimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması vacibdir. O, həmçinin radikal və qeyri-ənənəvi dini cərəyanların bəşəriyyət üçün təhlükəsindən və ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən danışıb.
Zaqatala Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova çıxışında Azərbaycan gəncliyinin sağlam təməl üzərində formalaşdığını, Vətəninə, dövlətinə, xalqına, milli-mənəvi və ailə dəyərlərinə böyük sevgi, sədaqət və hörmətlə yanaşdığını qeyd edib.