Press-relizlər / 30.01.2018 / 14:45
Yanvarın 30-da Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Quba rayonu Ağbil kənd məscidi dini icması tərəfindən Quba şəhərində “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Hüquq və qeydiyyat şöbəsinin Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və şöbənin əməkdaşları, Quba rayon təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov, təhsil işçiləri, dini icma üzvləri, dindarlar və gənclər iştirak edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycanda mövcud olan ənənəvi İslamın xüsusiyyətləri dünyanın digər müsəlman ölkələri üçün mütərəqqi nümunədir. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi dövlətimizin İslam həmrəyliyinə böyük töhfəsidir.
Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edib. Natiq, ölkəmizdə keçmişin ənənəsi kimi mövcud olan İslam həmrəyliyinin bu gün bütün İslam ölkələrinə bir örnək olduğunu, radikalizmə meyillənmə hallarının xeyli azaldığını, əsrlərlə mövcud olan ənənəvi dini inanclara hörmət hissinin daha da artdığını qeyd edib. Xalid Məmmədov bildirib ki, hər birimizin əsas vəzifəsi respublikamızda mövcud olan ictimai-siyasi və dini sabitliyi qorumaq, dini radikalizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə aparmaqdır.
Daha sonra çıxış edən Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov və digərləri bildirib ki, həyata keçirilən maarifləndirmə tədbirləri xüsusilə gənclərin, o cümlədən gənc dindarların milli-mənəvi dəyərlərimizə hörmət hissinin daha da yüksəlməsinə xidmət edir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.