.jpg&w=1200)
Press-relizlər / 24.01.2018 / 17:13
Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti (RİH), Siyəzən Rayon Polis Şöbəsi, Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Siyəzən şəhərində “Narkomaniya və dini radikalizmə qarşı mübarizədə gənclərin maarifləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Siyəzən RİH başçısı Aparatının əməkdaşı Həsənağa Əliyev, Siyəzən RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov, Təhsil Şöbəsinin əməkdaşı Cəfər Bağırov, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, din xadimləri, dindarlar, polis əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Siyəzən Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov bildirib ki, gəncləri və yeniyetmələri narkomaniya və dini radikalizmdən qorumaq üçün düzgün maarifləndirmə işi aparılmalıdır.
Siyəzən Rayon Təhsil Şöbəsinin əməkdaşı Cəfər Bağırov qeyd edib ki, təhsil müəssisələrində şagirdlərə narkomaniya və onun fəsadları haqqında ətraflı məlumatlar verilir. Yeniyetmələrin bu yoldan çəkindirilməsi istiqamətində profilaktik tədbirlər aparılır, valideynlərlə sıx əlaqədə işlər görülür.
Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Qoşqar Kazımov çıxışında yetkinlik yaşına çatmayanların narkomaniya kimi qorxulu xəstəlikdən qorunmasının tutulmasının qarşısının alınmasının zərurət olduğunu qeyd edib. O bildirib ki, narkomaniya əsasən sağlam həyat tərzinin pozulduğu ərazilərdə daha çox yayılır. Ona görə də hamıya sağlam həyat tərzi təbliğ olunmalıdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy çıxışında bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram mövcuddur. Dövlətimiz mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə nail olmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Radikalizmə meyillənmə son illərdə dövlət tərəfindən aparılan təbliğat nəticəsində azalıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.