Tarixə şəhid qanı ilə yazılmış 20 Yanvar faciəsi

Press-relizlər / 19.01.2018 / 11:22

Allah-Təala Qurani-Kərimin Ali-İmran (169-170) surəsində buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”.
1990-cı il 20 yanvarda şəhidlik zirvəsinə ucalanlar azadlıq, müstəqillik, düşmənə qarşı mübarizlik yolunda şəhid oldular. Bu dəyərləri nəzərə alaraq onların da dinimizdə göstərilən şəhidlik məqamlarına sahib olduqlarına şübhə etmirik. Peyğəmbər əleyhissalam hədislərinin birində buyurur: “Qiyamət günü mən şəhidlərin olduqca əziz canlarını fəda etdiklərinə şahidlik edəcəyəm. Onları qanlı köynəklərində dəfn edin!”...
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar faciəsi Ermənistanın təcavüzkar hərəkətlərinin və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığının nəticəsində baş vermişdir. Keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.
Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınmış erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər (“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından): Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik (bəzi məlumatlara görə, qoşun sayı 60 min nəfərə çatırdı) ordu yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları “oynayırdı.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” da məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada Daxili Qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, Hava Hücumundan Müdafiə qüvvələri var idi. 4-cü Ordunun komandanlığı da Bakıda yerləşirdi. Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini və eləcə də “Vətəndaş və Siyasi Hüquqlar” barədə Beynəlxalq müqavilənin I maddəsinə görə, Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...
Həmin gecə tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 insan öldürülmüş (onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi);  744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra əlavə 21 nəfər qətlə yetirilmişdi. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran) 25-26 nəfər öldürülmüşdü.
O ərəfədə baş vermiş hadisə ilə bağlı bir çox xarici təşkilatlar hesabatlar hazırlayır və öz obyektiv mövqelərini ortaya qoyurdu. Bu təşkilatlardan biri olan “Şit” təşkilatı ekspertlərinin hesabatında qeyd edilir:
1. adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
2. xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
3. adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
4. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi? Öz ölkəsinin xalqına qarşı bu cür amansızlığa inanmaq çox çətindir.
Beynəlxalq Hərbi Tribunala, 1949-cu il Cenevrə müqaviləsinin hərbi qurbanların müdafiəsi qərarına, 1977-ci il 1 və 2 Əlavə protokollarına və eləcə də Azərbaycan Konstitusiyasına əsaslanaraq bəzi hərbiçilər antihumanist hərəkətlərinə görə beynəlxalq hərbi cinayətkar hesab olunurlar. 1948-ci ilin İnsan Hüquqları barədə Ümumdünya Bəyannaməsi, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları barədə Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları barədə Beynəlxalq Pakt və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq razılaşmasının son bəyannaməsi, ATƏT-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi (1967-ci ildə quru döyüşlərinin qayda və qanunları barədə IV Haaqa müqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün İnsan Haqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti isə 22 yanvar tarixli nömrəsində belə yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır”...
20 yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yeganə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadrat kilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu düşünülmüş siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin səyi ilə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...
1990-cı ilin 20 yanvarı xalqımızın qanı ilə, canı ilə yazdığı şanlı bir səhifədir. O gecə neçə gəlin gözüyaşlı, neçə ana sinəsidağlı, neçə körpəmiz yetim qaldı. O məfhum gecə Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından illər keçməsinə baxmayaraq, xalqımız o anları daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına dərin nifrət ruhunda yaşayır. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur. Şəhidlər Xiyabanının girişindən başlayaraq, hər yer al-qırmızı qərənfilə bürünür. Abşeron torpağının yetirdiyi, vaxtilə toy-büsatların, şadlıq məclislərinin bəzəyi olan qırmızı qərənfillərin də artıq on səkkiz ildir ki, bağrı qan ağlayır - onlar müqəddəs şəhid qanının rəmzinə çevrilmişdir.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar hadisələrində xalqımız qurbanlar versə də, həmin faciəli gün inam və sınaq günü kimi yadda qalmışdır. Xalqımız həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etmişdir. Çünki burada uyuyan insanlar saf, təmiz əqidə, ideya uğrunda ölümə gediblər.
Təəssüflər olsun ki, torpaqlarımızın 20 faizi düşmən tapdağında, işğal altındadır və hər bir qeyrətli vətəndaş bunun mənəvi ağrısını ürəyində daşıyır. Torpaqlarımız işğaldan azad ediləndə, burada əbədiyyətə qovuşan şəhidlərimizin ruhu da sevinəcək, biz bu ziyarətgaha alnıaçıq, üzüağ qədəm qoyacağıq.
Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlblərdə yaşayacaqdır. Qiyamət günü Peyğəmbər əleyhissalamın canlarını fəda etmələrinə şahidlik edəcəyi insanları Allah rəhmət etsin! Qoy şəhidlərimizin ruhu şad olsun! Amin!

Nahid Məmmədov,
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri

Son baxılan xəbərlər

Nəsimi rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
29.08.2019 / 15:22
Ətraflı oxu

Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama
14.07.2015 / 18:21
Ətraflı oxu

Ağstafada “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

Press-relizlər
05.06.2018 / 18:02
Ətraflı oxu

Zərdabda dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
20.07.2018 / 09:39
Ətraflı oxu

Ağsuda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
26.09.2022 / 11:19
Ətraflı oxu

Azərbaycanda məzhəblər arasında vəhdət mövcuddur

Press-relizlər
14.08.2017 / 14:57
Ətraflı oxu