
Press-relizlər / 18.01.2018 / 16:05
Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev, İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, dini icma sədri Səbuhi İbadov, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qarallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamandar Cəfərov, Qarallar kənd tam orta məktəbinin direktoru Mənsumə Abuşova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Səbuhi İbadov icma tərəfindən dini maarifləndirmə tədbirlərinin keçirildiyini və bu tədbirlərin xüsusilə gənclərin dini maariflənməsində, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında əhəmiyyətli olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
DQİDK-nın əməkdaşı Şəhriyar İsmiyev Azərbaycanda dinlər arasında heç vaxt qarşıdurma, məzhəb ayrı-seçkiliyinin olmadığından, tolerant və multikultural mühitin mövcudluğundan, dini ekstremizmin fəsadlarından qorunması üçün gənclərin maariflənməsinin, radikal qrupların təsirinə məruz qalmamaları baxımından mühüm əhəmiyyəti olduğundan danışıb, eyni zamanda dini təriqətlərin radikal yönümlü fəaliyyətləri barədə geniş və ətraflı məlumat verib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dini maarifləndirmə istiqamətində keçirilən tədbirlərin İslamın düzgün çatdırılmasında, həmçinin dini radikalizm və ekstremizmə qarşı gənclərin maarifləndirilməsində önəmli olduğunu qeyd edib.
Beyləqan RİH başçısının Qarallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamandar Cəfərov və kənd məktəbinin müəllimi Tapdıq Məmmədov çıxışlarında məktəbdə keçirilən maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıblar. Bildiriblər ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsində bu tədbirlərin əvəzsiz rolu var.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.