Press-relizlər / 09.01.2018 / 15:22
Yanvarın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə rayon Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının həyata keçirdiyi “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” layihəsi çərçivəsində “İslam həmrəyliyi – sülhə çağırışdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, dini icmanın sədri Əkrəm Əfəndiyev və kənd ictimaiyyətinin üzvləri iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Əkrəm Əfəndiyev deyib ki, əsrlər boyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycan bu gün də ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində mühüm addımlar atılıb. Adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mövzu ilə bağlı çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov İslam həmrəyliyinin əhəmiyyətindən və vacibliyindən bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.