Press-relizlər / 05.01.2018 / 16:07
Yanvarın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Quba rayonu Xucbala kənd məscidi dini icmasının “İslam sülh və tolerantlıq dinidir” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Xucbala kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Dövlət Komitəsinin sektor müdiri Xalid Məmmədov, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, RİH başçısının Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Firuz Əhmədov, dini icma sədri Həmdulla Vəliyev və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” kimi qeyd olunub və il ərzində rayonun bir çox kəndlərində və rayon mərkəzində dini məsələlərin müzakirəsinə və dini maarifləndirməyə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, birgəyaşayış Azərbaycan xalqının tarixi köklərə söykənən yaşam formasıdır. Azərbaycanda yaşayan bütün xalqlar və etnik qruplar daim sülh və bərabərlik şəraitində rahat şəkildə yaşayıblar.
DQİDK-nın sektor müdiri Xalid Məmmədov bildirib ki, ölkəmiz həqiqətən dünyaya nümunə ola biləcək bir şəkildə tolerant və multikultural dəyərlər çərçivəsində yaşayır və İslam dini də ölkəmizdə böyük tarixi kökə malik olan bəşəri din kimi mövcud prinsiplərin tətbiq olunmasında yardımçı rol oynayır. Sülh və tolerantlıq məsələsinə toxunan natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya dövlətlərini sülhə, əmin-amanlığa və tolerantlığa dəvət edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.