Press-relizlər / 21.12.2017 / 16:07
Dekabrın 21-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Səbail rayonu 91 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Hatəm Gülməmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktoru Svetlana Zülfüqarova, məktəbin pedaqoji kollektivi, valideyn və şagirdlər iştirak ediblər.
Tam orta məktəbin direktoru S.Zülfüqarova milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı silsilə tədbirlərin orta məktəblərdə keçirilməsinin zəruriliyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.İmanov milli-mənəvi dəyərlər, şəhidlik və vətənpərvərlik anlayışları haqqında tədbir iştirakçılarına məruzə edib.
Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova gənclərin və məktəblilərin düzgün tərbiyə olunmasında milli-mənəvi dəyərlərin əhəmiyyətini vurğulayıb.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.