Press-relizlər / 21.09.2017 / 15:57
Sentyabrın 21-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Kürdəmir şəhər “İmam Rza” məscidində Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Füzuli Cəfərov, Rayon Polis Şöbəsinin əməkdaşı Asif Əhmədov, Dövlət Təhlükəsizliyi Xitmətinin Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası oxunub.
Daha sonra çıxış edən Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Elxan Qafarov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi İli” elan etməsi bütün İslam aləminə həmrəylik,dialoq çağırışıdır.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Füzuli Cəfərov, RPŞ-nin əməkdaşı Asif Əhmədov və DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümovun çıxışları dinlənilib.
Natiqlər qeyd ediblər ki, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb.
Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı bütün mərasimlərin qanunvericilik çərçivəsində Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.