Press-relizlər / 19.09.2017 / 18:07
Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, Aslan Sultanov, Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Əliyulla Məmmədov, məscidin axundu Ziyad Məmmədbəyli və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Ə. Məmmədov İslam həmrəyliyinin əhəmiyyətindən danışaraq qeyd edib ki, son illərdə Azərbaycan müsəlman ölkələri arasında həmrəylik yaradılmasında fəal iştirakçılardan biridir. İslam dünyasının ümumi maraqlarına xidmət edən müxtəlif beynəlxalq tədbirlər Azərbaycanda uğurla həyata keçirilib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları V.Musayev və A.Sultanov bildiriblər ki, Azərbaycan dövləti dövlət–din münasibətlərini ən yüksək səviyyədə qoruyaraq ənənəvi İslam dininə hörmət və xüsusi qayğı ilə yanaşır. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsasında zəngin milli-mənəvi dəyərlərimiz dayanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.