Press-relizlər / 25.08.2017 / 16:49
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Üçüncü Tala kənd məscidi dini icmasının “Azərbaycanda İslam ənənələri” layihəsi çərçivəsində “İslam dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlərindəki yeri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icmanın sədri Hudul Dadalov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Hudul Dadalov mövzunun əhəmiyyətindən danışıb. Natiq vurğulayıb ki, dini icma tərəfindən bu layihə çərçivəsində üç ay ərzində müxtəlif səpkili tədbirlər keçiriləcək.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Şöbə müdiri milli və dini dəyərləri qarşı-qarşıya qoymağın son dərəcə yanlış olduğunu da bildirib. O, həmçinin İslam dəyərlərinin qorunub saxlanılmasının vacibliyindən danışıb.
QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev isə bölgənin keçmişdəki İslam ənənələri və bu ənənələrin bugünkü vəziyyəti barədə məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.