Xurafatla mübarizədə təhsilin rolu

Press-relizlər / 11.08.2017 / 16:28

Təhsil oxumaq nəticəsində qazanılan biliklərin məcmusudur. Təhsil sözü özündə elm, maarif və əqli inkişafı ehtiva edir. Təhsil insanlığın inkişafının rəhni olmaqla yanaşı, insanın fitrətindən irəli gələn bir məsələdir. Təhsil həm biliklərin qazanılması və həm də əldə edilən həmin bilgilərin insanlara ötürülməsi prosesidir. Başqa ifadə ilə desək, təhsil öyrənmək və öyrətməkdir. Bu proses olmadan cəmiyyətin inkişafı məsələsi müzakirə mövzusu ola bilməz.  Təhsil insanın həm fərdi inkişafına, həm də sosial müstəvidə tərəqqiyə nail olmasına imkanı verir.
Bütün cəmiyyətlərin və bu cəmiyyətləri təşkil edən insanın cövhəri təhsildir. Təhsil inkişafın, tərəqqinin təməlində dayanan bir anlayışdır. Dinimizə görə elm öyrənmək, təhsillə məşğul olmaq kişi və ya qadın olmasından asılı olmayaraq bütün müsəlmanlara vacibdir. Elmli və bilikli olan şəxsin düşüncəsi, dünyaya baxış pəncərəsi cahil bir adamın düşüncəsindən və dərrakəsindən müsbət mənada xeyli fərqləndiyi üçün Allah-Təala (c) müqəddəs kitabının Zumər surəsinin 9-cu ayəsində bu barədə belə buyurmuşdur:
“De: Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”
İslam dini yarandığı gündən etibarən insanları düşünməyə təşviq etmişdir. Yəni, Uca Yaradan bizdən hər hansı bir əməli kor-koranə şəkildə deyil, dərk edərək, düşüncəli şəkildə yerinə yetirməyi istəmişdir.
İslam elminin ana qaynağı hesab edilən Qurani-Kərim məhz “Oxu” əmri ilə başlayır. Bir dinin ki bəşəriyyətə ilk əmri “Oxu” kəlməsidir, məhz bu aspektən çıxış edərək qeyd etmək olar ki, İslamın elmə, təhsilə münasibəti necə yüksək dəyərlər üzərində qurulub. Həmçinin, Qurani-Kərimdə dəfələrlə vurğulanan elm kəlməsi insanları elmli olmağa sövq edir. Təbii ki, elm sahibi olmaq üçün vasitə məhz təhsildir. Başqa ifadə ilə desək, elmə gedən yol təhsildən keçir. Elmə yiyələnmək üçün keçilməsi vacib olan yol məhz təhsildir.
Allah-Təala (c) “düşünmək”, “təfəkkür etmək”, “fikirləşmək”, “ağıl, təfəkkür sahibi olmaq” kimi əmrləri bizə Qurani-Kərim vasitəsilə dəfələrlə bildirmişdir. Sadalanan əmrlərin əsasında elmin özəyini təşkil edən ağıl durur. Uca Yaradan insanı xəlq edərkən ona məhz ağıl nemətini bəxş etməklə, onu yaradılmışların ən üstünü etmişdir. Çünki Allah-Təala insandan fərqli olaraq yaratdığı heç bir canlıya ağıl nemətini, düşünmək qabiliyyətini bəxş etməmişdir. Bunu yalnız biz insanlara hədiyyə etmişdir.
İmam Sadiq (ə) elm əldə etməyin üstünlüyü və vacibliyi haqqında belə buyurmuşdur:
“Səhəri üç nəfərdən biri olaraq aç: alim, elm öyrənən və elm əhlini sevən. Bunlardan başqa bir kəs olma ki, onları sevməmək nəticəsində həlak olarsan. Elm və etiqad vəhdətdə əvəzolunmaz işlər görə bilər” (Üsuli-Kafi, cild 1, səh, 95)
Meydana gəlməsində əsas məqsədi şəxsiyyət yetişdirmək, cəmiyyəti dəyişdirmək olan İslam dini, bu mürəkkəb missiyanı həyata keçirmək üçün məhz elm və təhsil kimi vasitələrdən istifadə etmişdir. Ən böyük elm sahibi cəlalı böyük olan Allahdır. Qurani-Kərimin Ənam surəsinin 80-ci ayəsində Uca Yaradan belə buyurmuşdur:
“Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?”
Lakin təəssüflə qeyd etməliyik ki, istər tarixin müəyyən dövrlərində, istərsə də yaşadığımız müasir zamanda müsəlmanların yaşadığı cəmiyyətlərdə bir sıra xurafat nümunələri mövcud olmuş və bu gün də öz varlığını davam etdirməkdədir. Bir sıra hallarda din və cəhalətin varolma səbəbi kimi yalnış olaraq din göstərilmişdir. İslam dinində nəinki xurafat elementləri mövcuddur, əksinə dinimiz ortaya çıxdığı gündən etibarən xurafat və cəhalətlə mübarizə aparmaqdadır. Daha dəqiq desək, İslam dininin yaranma səbəblərindən biri məhz xurafat və cəhalətdir.
Xurafat dinin kobud şəkildə təhrif edilərək insanlara tam fərqli bir formada çatdırılmasıdır. Bu zaman din bizə Allah istəyən formada deyil, bir sıra insanların təfəkkürünün məhsulu kimi gəlib çatır ki, bu da çox təhlükəli bir tendensiyadır. Bəzən cəmiyyətdə xurafat o qədər geniş vüsət alır ki, insanlar onu həqiqi din hesab edərək, özləri də fərqinə varmadan onun icraçılarına çevrilirlər. Bu kimi halların qarşısı alınmadıqda və bu proses uzun müddət davam etdikdə xurafat insanların gündəlik həyat tərzinə çevrilir və onunla mübarizə aparmaq çox çətinləşir. Həmin insanlara nə qədər həqiqəti başa salmaq cəhdləri olsa da, onlar bunu qəbul edə bilmir və nəticədə dini öz həyatlarında bir ömür boyu yalnış yaşamağa məhkum olurlar.
Ölkəmiz müstəqilliyini bərpa etməmişdən öncə sovetlər dövründə dinin qadağan edilməsi nəticəsində xurafat “din” adı altında genişlənməyə başlamışdı. Ölkəmizin öz suverenliyini bərpa etməsindən sonra İslam dini yenidən ölkəmizdə geniş vüsət almağa başlasa da, insanlar arasında xurafat yenə də mövcudluğunu qoruyub saxlaya bilmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, bəzi məqamlarda dini qəbul edən insanların sayı artdıqca, bununla bərabər xurafat da artır. Bunun səbəbini dində axtarmaq düzgün deyildir. Cəmiyyətdə xurafatın geniş yayılmasının səbəbi əsasən haqqında söhbət açdığımız təhsil və digər sosial səbəblərlə bağlıdır. Xurafatın yayılmasının əsas səbəbi dünyəvi təhsil və dini biliklərin paralel formada və lazımi səviyyədə aparılmamasıdır.
Yaşadığımız cəmiyyətdə xurafatın yayılmasına birbaşa formada olmasa da, bilavasitə dinlə bağlı bəzi amillər də təsir edir. Dindar hesab edilən kontingentin artması ilə xurafatın yayılmasındakı mütənasiblik buna sübutdur. Başqa sözlə, dindarlaşma prosesində kəmiyyət göstəricisi artdıqca, bu, keyfiyyət məsələsinə mənfi təsir göstərməməlidir. Əgər cəmiyyətdə dindarlıq səviyyəsi artarsa, biz çalışmalıyıq ki, bu artım normal və sağlam təbliğat nəticəsində baş versin. Əks halda bu dindarlığın nəticəsi xətalı və sağlam olmayan dinin yayılmasına rəvac verəcəkdir. Səbəb-nəticə qanununa uyğun olaraq da bu hal xurafatın yayılması ilə nəticələnəcəkdir.
Xurafat dini radikalizm, dini fanatizm və bu kimi digər ciddi problemlərin sadəcə olaraq ilkin formasıdır. Yəni, xurafat adıçəkilən problemlərə gedilən yolun sadəcə başlanğıcıdır. Qeyd edilən ciddi problemlərin baş verməməsi üçün biz ilk olaraq xurafatın yayılmasının qarşısını almağa çalışmalıyıq. Cəmiyyət üçün ciddi problemə çevrilmək ehtimalı olan bəzi məsələlər mövcuddur ki, bunlara nümunə olaraq bəzi özünü “din alimi” adlandıran şəxslər tərəfindən dünyəvi təhsilə qarşı çıxışlar, insana təkcə dini təhsilin kifayət etməsi, uşaqların, xüsusən qız uşaqlarının təhsildən uzaqlaşdırılması, oğlan və qız uşaqlarının ayrıca təhsil alması barədə çağırışlar, erkən nikah, falçılıq və s. göstərmək mümkündür. Təəssüfləndirici məqam ondan ibarətdir ki, bu kimi xurafat elementləri insanlara İslam pərdəsi altında çatdırılır və həmin şəxslər din adından istifadə edərək bu cür mənfi xislətlərini ortaya qoyurlar.
Nə zaman cəmiyyətdə xurafat yaranır? O zaman ki, cəmiyyətdə elm, təhsil, maarifçilik zəifləyir, məhz o zaman da xurafat və cahillik həmin cəmiyyətdə inkişaf etməyə başlayır. Bilgisizlik və elmsizlik xurafatın əsas yaranma səbəbidir.
Azərbaycanın dahi klassikləri – Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və s. kimi çoxlu sayda ziyalılarımız hər zaman öz fəaliyyətlərində xurafata qarşı mübarizə aparmışlar. Onlar insanları elmdən uzaq, nadanlıq və cəhalət içində olan cəmiyyətdə yaşamaq əvəzinə elmli, mədəni, cəhalətdən uzaq bir toplumda ömür sürməyə dəvət etmişlər. Lakin onların bu mübarizəsi əksər hallarda bir çox insan tərəfindən dinin əleyhinə göstərilsə də, zaman keçdikcə hamıya aydın olur ki, bu məhz cəmiyyətdə mövcud olan xurafat və cahilliyə qarşı olan mücadilə olmuşdur. Ümumiyyətlə, ölkəmizdə heç bir zaman, heç bir ziyalı dinimizə qarşı mübarizə aparmamışdır.
Yaşadığımız cəmiyyətdə xurafata son qoymaq üçün həm ideoloji, həm mənəvi, həm də elmi müstəvidə işlər aparılmalıdır. Cəmiyyətimizdə xurafat, cahillik bəlasının kökünü kəsmək üçün ilk növbədə ailənin hər bir fərdinin, xüsusilə valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Onlar özləri xurafat girdabına batmamaq üçün elmli, savadlı olmalıdırlar ki, nəticədə də övladlarını da xurafatdan uzaq, elmli və cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi formalaşdıra bilsinlər. Bundan başqa, xurafatla mübarizədə ziyalı insanların üzərinə çox böyük məsuliyyət düşür. Necə ki, tarix boyu dahi ziyalı və mütəfəkkirlərimiz xurafat və cəhalətə qarşı barışmaz mövqe sərgiləmişlər, müasir zamanımızda da savadlı, ziyalı və el ağsaqqallarımız bu mübarizədə qətiyyət nümayiş etdirməlidirlər.
 

Rövşən Nəzərov,
DQİDK-nın əməkdaşı

Son baxılan xəbərlər

Qubada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
15.01.2020 / 15:29
Ətraflı oxu

Neftçalada onlayn tədbir keçirilib

Xəbərlər
29.07.2021 / 11:31
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizə və maarifləndirimə” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.06.2019 / 12:50
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası

Press-relizlər
14.09.2017 / 16:28
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Greater Greace Baltimor” kilsəsinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
18.07.2019 / 16:34
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu