“Open doors” (Açıq qapılar) gözlərini açsa daha yaxşı olar”

Bəyanat / 19.01.2013 / 15:51

“Xristian dini icmaların Azərbaycanda fəaliyyəti üçün həm qanunvericilik, həm də dini mühit baxımından normal şərait mövcuddur.” Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov APA-ya açıqlamasında bildirib. “Open doors” (Açıq qapılar) təşkilatının ölkəmizdə xristian icmalarının fəaliyyətinin məhdudlaşdırılması və onların dövlət qeydiyyatına alınmaması ilə bağlı yaydığı məlumata münasibət bildirən Dövlət Komitəsinin sədri qeyd edib ki, bu məlumatlar həqiqətə uyğun deyil və qərəzlidir. “Belə ki, Azərbaycanla bağlı hazırladığı məlumatda iddia edir ki, 2010-cu ildə bütün kilsə və dini qurumlardan yenidən qeydiyyatdan keçmək tələb olunduğundan guya protestant məzhəbləri hələ də qeyri-leqal statusdadırlar. Halbuki, 2010-cu ildən sonra ondan çox xristian dini icması, o cümlədən pravoslav, katolik, malakan, eləcə də Lüteran, “Yeni həyat”, “Həyat sözü” protestant dini qurumları Dövlət Komitəsində yenidən qeydiyyata alınmışlar. Ona görə də “Open doors” (Açıq qapılar) bu faktlara gözlərini açsa öz adına daha uyğun olar”- deyə Komitə sədri əlavə etmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə mövzu ilə bağlı APA-ya bildirdilər ki, 2010-cu ildən sonra Dövlət Komitəsində vaxtilə bu qurumda qeydiyyatdan keçmiş heç bir xristian icmasının qeydiyyatı ləğv edilməmişdir. Dövlət Komitəsində vaxtilə qeydiyyata alınmış bütün xristian icmalarının hüquqi statusu bu gün öz qüvvəsini saxlamaqdadır.
Dövlət Komitəsinin sözçüsü onu da əlavə etdi ki, qurucusu vaxtilə sosialist ölkələrinə qaçaqmalçılıq yolu ilə Bibliya kitabları keçirtməklə məşğul olan bu təşkilatın Azərbaycana qarşı qərəzli münasibətini, həqiqətə uyğun olmayan, hətta böhtan xarakterli mövqeyini başa düşmək olar. Çünki Azərbaycanda din sahəsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir, hansısa təşkilatın və ya şəxslərin qaçaqmalçılıq yolu ilə ölkəyə dini ədəbiyyat gətirməsi mümkün deyildir. Görünür, qeyri-qanuni işlərlə məşğul olan və bunu həyat tərzinə çevirən şəxslərin bu cür fəaliyyəti Azərbaycanda reallaşdıra bilməmələri onları ciddi şəkildə narahat edir.
Dini ədəbiyyata gəlincə isə, Komitə rəsmisi bildirdi ki, dini icmaların, o cümlədən xristian dini qurumların qanunvericiliyə uyğun ədəbiyyat idxal etmələri və ölkədə nəşr etdirmələri mümkündür. Hətta Dövlət Komitəsi ötən il digər müqəddəs kitablar kimi Bibliyanın da ölkəyə idxalını sərbəstləşdirmişdir. Bunlarla yanaşı, son on ildə Bakıda katolik kilsəsi inşa olunmuş, Azərbaycanla Vatikan arasında katolik kilsəsinin hüquqi statusuna dair saziş imzalanmış, Lüteran kilsəsi dövlət hesabına təmir olunmuş, Qax rayonunda gürcü pravoslav, Qəbələ rayonunun Nic qəsəbəsində Alban-udi, Bakıdakı rus-pravoslav kilsələrində bərpa işləri aparılmışdır. Eyni zamanda, dünyanın nüfuzlu xristian mərkəzlərinin rəhbərləri, o cümlədən mərhum Roma Papası II İohan Pavel, mərhum Moskva və Ümumrusiya patriarxı II Aleksi və Kirill, Konstantinopol Patriarxı II Varfolomey, Gürcüstan katalikosu II İlya Azərbaycana səfər etmiş və ölkəmizdə xristianlara göstərilən münasibəti yüksək qiymətləndirmişlər.
“Yuxarıda qeyd olunan faktlar Azərbaycanda dini tolerantlığın yüksək olduğunu, dövlətin bu sahəyə diqqətini və xristianların ölkədə öz etiqadlarına uyğun sərbəst yaşadıqlarını bir daha təsdiqləyir”- deyə Komitənin sözçüsü əlavə etdi.

Son baxılan xəbərlər

“Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib

Xəbərlər
06.05.2022 / 16:51
Ətraflı oxu

ABŞ diplomatı: “Azərbaycanda müxtəlif din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiqdir”

Press-relizlər
09.08.2019 / 10:06
Ətraflı oxu

Zərdab və Ucar rayonlarında maarifləndirmə tədbirləri keçirilib

Xəbərlər
19.05.2022 / 17:32
Ətraflı oxu

DQİDK sədri İordaniya Haşimilər Krallığının səfiri ilə görüşüb

Press-relizlər
09.12.2020 / 15:51
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
06.05.2022 / 16:47
Ətraflı oxu