Press-relizlər / 19.01.2017 / 16:40
Yanvarın 19-da Prezident cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Astara şəhər “Qum” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Astara şəhər Mərkəzi kitabxanasında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin digər əməkdaşları, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, dindarlar, dini icma sədrləri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihə barədə danışaraq milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəsil arasında təbliğinin əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, bununla haqlı olaraq fəxr etməli və qürur duymalı olduğumuzu bildirib.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov dinimizdə vətən və torpaq sevgisi, vətəni sevməyin müqəddəsliyi haqqında fikirlərini bildirərək, vətənə bağlılığın, məhəbbətin insanda ən böyük mənəvi dəyər, ülvi hiss olduğunu qeyd edib.
Komitənin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Emin Həmidli 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu, qəhrəmanlıqlarla zəngin olan tariximizin növbəti şərəfli səhifəsini təşkil etdiyini, bu qanlı əməlləri törədənlərin tarix qarşısında cavab verəcəklərinə əminliyini diqqətə çatdırıb.
Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov çıxışında Qurani-Kərimdən, Peyğəmbərimizin (s.ə.s) hədislərindən sitatlar gətirməklə şəhidlərin uca məqamından, ölməzliyindən bəhs edərək, onların fədakarlığını, hər birimiz üçün müqəddəs bir nümunə olduğunu bildirib. Çıxışının sonunda İ.Həsənov Astara rayon məscidlərində şəhidlərin anım tədbirlərinin keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.