Press-relizlər / 22.12.2016 / 10:20
Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” layihəsi çərçivəsində “Müasir dünyada birgəyaşayış ənənələrinin yeri və rolu” mövzusunda tədbir keçirilib.
Qax rayon gənclərinin, din xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov açaraq birgəyaşayış ənənələri olan Qax rayonunda bu layihənin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov layihənin məqsədi barədə məlumat verib, İslamda birgəyaşayış ənənələrinin tarixindən danışıb, Qurani-Kərim və İslam Peyğəmbərinin həyatından mövzu ilə bağlı nümunələr göstərib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov müxtəlif mədəniyyətlərin və dinlərin birgəyaşayış ənənələrindən bəhs edib, islamofobiya, İslam terroru, İslam radikalizmi və s. kimi mövzuların qabardıldığı günümüzdə İslam dininin birgəyaşayış anlayışının təbliğinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb, Azərbaycanda tarixən mövcud olan bu ənənənin formalaşmasında İslam dininin rolunu vurğulayıb.
Sonda çıxış edən Qax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov rayon gənclərinin birgəyaşayış prinsiplərinə sadiq olduqlarını, bu cür tədbirlərin onların bu sahədəki biliklərini daha da artıracağını söyləyib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.