Dini radikalizmə qarşı mübarizə: nəticələr və vəzifələr

Xəbərlər / 17.09.2016 / 10:38

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkə vətəndaşlarının, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınması üçün müvafiq qurumlarla, o cümlədən yerli icra strukturları və hüquq-mühafizə orqanları ilə birgə bölgənin dini atmosferinə uyğun şəkildə, müntəzəm olaraq maarifləndirmə tədbirləri həyata keçirir.
Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılması, mötədil dindarların, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindəndir.  
Dövlət Komitəsi tərəfindən xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər təşkil olunur. Həmin tədbirlərə aidiyyəti qurumlar, o cümlədən yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət və gənclər təşkilatları, ziyalılar, təhsil işçiləri, din xadimləri və dini icmalar cəlb olunur və əhali davamlı olaraq zərərli dini cərəyanların mahiyyəti barədə məlumatlandırılır.
Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək, dini radikalizmlə mübarizəni daha da effektiv aparmaq üçün islami dəyərləri olduğu kimi insanlara çatdırmaq məqsədilə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə də sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, Dövlət Komitəsi maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsini həyata keçirmiş və bu layihələrin reallaşdırılmasına dəstək vermişdir. Məlumat üçün qeyd edək ki, indiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 102 layihə maliyyələşdirilmişdir. Təkcə bu il dini icmalar tərəfindən layihə çərçivəsində keçirilmiş 370-ə yaxın tədbirdə təxminən 30 min insan iştirak etmişdir.
Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra orqanları, vətəndaş cəmiyyəti institutları ilə də sıx əməkdaşlıq edir və demək olar ki, ölkənin bütün regionlarında onlarla birgə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunur. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədi daşıyır. Maarifləndirmə işləri elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan nəşrlər vasitəsilə də həyata keçirilir. Bu məqsədlə müxtəlif ədəbiyyatlar da çap olunur. Dövlət Komitəsinin mətbu orqanları - “Dövlət və Din” jurnalı, “Cəmiyyət və Din” qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramımız olan “Din və Cəmiyyət” verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini davam etdirir.
Eyni zamanda, Dövlət Komitəsinin sifarişi ilə dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən, maarifləndirici səciyyə daşıyan “Fitnə” sənədli filmi çəkilmişdir. Filmin geniş ictimaiyyətə təqdim olunması üçün ölkə ərazisində fəaliyyət göstərən telekanallara və yerli icra hakimiyyəti orqanlarına göndərilmişdir. Əksər rayonlarda, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda filmin nümayişi həyata keçirilmişdir və bu proses davam etməkdədir. Məlumat üçün bildirək ki, Dövlət Komitəsi tərəfindən daha bir filmin hazırlanması planlaşdırılır.
Dövlət Komitəsinin həyata keçirdiyi dini marifləndirmə tədbirləri artıq öz bəhrəsini verməkdədir. Belə ki, son vaxtlar ölkədə radikallığa meyliliyin zəiflədiyi, cihad adı ilə Suriyaya gedənlərin sayının kəskin azaldığı müşahidə edilməkdədir. Artıq radikal düşüncəli qruplar cəmiyyətimizdə dəstəklənmir, məscidlərimizdə vəhdət namazı qılınır. Bundan başqa, yas mərasimlərində əvvəllər müşahidə olunan israfçılığın müəyyən dərəcədə azalması da bu sahədə aparılan maarifləndirmənin nailiyyəti hesab edilə bilər.
Artıq müəyyən qədər maariflənmiş vətəndaşlarımıza məlumdur ki, milli və mədəni dəyərlərimizə yad olan ideyalar əslində hansı məqsədlərə xidmət edir. Nəticədə bu, cəmiyyətimizdə radikal qruplara ciddi sosial baza yaratmağa imkan vermir.
Lakin çox təəssüflə, qeyd edək ki, ölkədəki maarifləndirmə tədbirləri ilə yanaşı, qeyri-ənənəvi, xüsusilə xurafatı, radikallığı və ekstremizmi yayan, dini siyasiləşdirməyə çalışan radikallar fəaliyyətlərini hələ də davam etdirirlər. Xüsusilə məscidlərdə və sosial şəbəkələrdə aktivlik nümayiş etdirən bu qrupların radikal və məzhəb qarşıdurması yaradacaq çıxışları, demək olar ki, maarifləndirmə tədbirləri ilə paralel gedir və onların belə bölücü fəaliyyəti dini maarifləndirmənin effektivliyinə təsirsiz ötüşmür.
Dini maarifləndirmənin effektivliyinə mənfi təsir göstərən bir sıra digər səbəblər də var. Belə ki, televiziya, radio, internet saytları və digər KİV-də dini maarifləndirmə işinə ötəri, bəzi hallarda, xüsusən internet resurslarında məsələyə milli və dövlətçilik maraqlarından deyil, dünyagörüşü və ya məzhəbçilik nöqteyi-nəzərindən yanaşılır.
Bildiyimiz kimi, hər bir gəncin formalaşmasında ailəsi ilə bərabər, təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan təhsil ocaqlarında çalışan pedaqoqların dini baxımdan bilgisiz və ya məsələyə laqeyd yanaşması, xurafat, radikalizm və ekstremizlə bağlı gəncləri məlumatlandırmaması gənc nəslin asanlıqla radikal qrupların təsiri altına düşməsinə səbəb olur.
Dini maarifləndirmənin effektivliyini artırmaq məqsədilə televiziya və mətbuatın, xüsusən internetin imkanlarından istifadə etməklə dini maarifləndirməyə üstünlük verilməli, xurafat və radikalizm, onların mənfi təsirləri ilə bağlı konkret mövzular müzakirə olunmalıdır.   
Təhsil müəssisələrində çalışan pedaqoqların dini baxımdan maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Onlar dinlərin, məzhəblərin, radikal cərəyanların tarixini, yaranma və ölkəmizə gəliş səbəblərini, ölkəmiz üçün təhlükəsini, ideyalarını yaymaq metodlarını və s. düzgün şəkildə bilməlidirlər ki, gənc nəsli belə təhlükələrdən xəbərdar edə bilsinlər. Hər il ölkəmizdə orta hesabla hər məktəbdən 200-dən artıq gənc məzun olur ki, dini baxımdan bilgilərinin olması onları qeyri-ənənəvi və radikal cərəyanların təsiri altına düşməsindən qoruya bilər. Bunu dövlətçiliyimiz üçün bu sahədə atılacaq ən perspektivli addımlardan hesab etmək olar.
Tədris proqramlarında Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov və b. kimi maarifçilərimizin xalqı daim mövhumata, xurafata qarşı mübarizəyə səsləyən əsərlərinə xüsusi yer verilməli və oradakı hadisələr müəllimlər tərəfindən şərh edilərkən müasir dövrlə paralellər aparılmalıdır.
Bundan başqa, müasir ideyalarla oxucu marağına səbəb olacaq, radikalizmin və qeyri-ənənəvi cərəyanların mənfi təsirlərindən bəhs edən bədii əsərlərin yazılması da maarifləndirmə işinin genişləndirilməsinə təkan vermiş olardı.
Dini maarifləndirmə sahəsində yüksək keyfiyyəti ilə seçilən və geniş tamaşaçı auditoriyasına nüfuz edəcək sənədli filmlərin çəkilməsi, bunların müntəzəm şəkildə televiziya kanallarında nümayiş etdirilməsi, mətbuatda geniş şəkildə təbliği dövrün tələbinə çevrilmişdir.
Milli-mənəvi dəyərlərimizi, cəmiyyətimizi, dövlətimizi zərərli dini cərəyanlardan, radikalizm və ekstremizdən qorumaq, bu sahədə fəaliyyətin effektivliyini artırmaq, müsbət nəticələr əldə etmək məqsədilə əlaqəli şəkildə vahid təbliğat aparmaq zəruridir.
 
 
Elnarə Kərimova,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri

"Yeni Azərbaycan" qəzeti. 17 sentyabr 2016.
  

Son baxılan xəbərlər

Mingəçevirdə "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusu müzakirə edilib

Press-relizlər
21.09.2022 / 17:06
Ətraflı oxu

Lerikdə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.05.2018 / 16:20
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.11.2019 / 15:25
Ətraflı oxu

Gəncədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2022 / 11:35
Ətraflı oxu

Dövlət Komitəsinin Aparat rəhbəri: “Din sahəsində üzləşdiyimiz bir sıra təhdid cəhdləri var ki, ...

Açıqlama
07.07.2022 / 10:28
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışır”

Xəbərlər
28.06.2022 / 09:45
Ətraflı oxu