
Press-relizlər / 31.08.2016 / 13:00
Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı İslam Universitetinin Zaqatala şöbəsində dini icma sədrlərinin və dindarların iştirakı ilə “Beynəlxalq Sülh Günü” münasibətilə “İslamda sülh və vəhdət missiyası” mövzusunda tədbir keçirilib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, həmin şöbənin məsləhətçisi Sərxan Tahirzadə, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Vəliyev və Gözbarax kənd məscidi dini icmasının sədri Emin Həsənov mövzu ətrafında məruzə ediblər. Çıxışçılar İslamın sülh və vəhdət dini olduğunu, müqəddəs kitabımızın dünyanı barışığa çağırdığını, Azərbaycan xalqının tarixən sülhsevər xalq olduğunu və İslam dəyərlərinə hər zaman vəhdət və sülh çərçivəsində yanaşdığını vurğulayıblar.
Sonda tədbir iştirakçıları bu qəbildən tədbirlərin dini maarifləndirmə baxımından əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.