.jpg&w=1200)
Press-relizlər / 26.08.2016 / 16:56
Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə Ağdaş şəhərində dini icma sədrlərinin və dindarların iştirakı ilə respublikamızda elan edilmiş “Sülh aylığı” çərçivəsində “İslamda sülh və tolerantlıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Abbasov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Ağdaş rayon Xosrov kənd “Hacı Bulud” məscidinin imamı Rövşən Osmanov İslamın sülh və sevgi dini olduğunu, insan hüquqlarına hörmətlə yanaşmağı tələb etdiyini deyib. Qurani-Kərim və İslam Peyğəmbərinin həyatından konkret misallar çəkməklə düşmənçilik və işğalçılıq siyasətinin İslama zidd olduğunu vurğulayıb.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün görülmüş işlərdən söz açaraq, həyata keçirilən bu cür maarfləndirmə xarakterli tədbirlərin İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardımçı olacağını söyləyib.
Sonda iştirakçılar bu qəbildən tədbirlərin dini maarifləndirmə sahəsində əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Din xadimləri qeyd ediblər ki, bu gün rayon məscidlərində Cümə xütbələri “İslamda sülh və tolerantlıq” mövzusunda olacaqdır.