FETÖ, neqativ eksternaliya və qeyri-simmetrik informasiya

Xəbərlər / 26.08.2016 / 10:33

FETÖ bu gün dünya mətbuatının çox müzakirə edilən mövzularından birinə, postmodernist dillə desək, FETÖ siyasi diskursun predmetinə çevrilib. Əslində, Fətullah Gülən və onun hərəkatı əvvəllər də həm akademik, həm də media gündəmini məşğul edib. FETÖ, demək olar ki, bütün siyasi təhlilçilər tərəfindən onun ictimai təhlükəli fenomen olması nöqteyi-nəzərindən kifayət qədər analiz edilib. Lakin bu fenomenin sosial fəsadlarının daha yaxşı anlaşılması üçün bir də siyasi iqtisad yönündən yanaşılmasına ehtiyac var. Bu cür yanaşmanı həm də FETÖ-yə qarşı və ya onun fəaliyyətinin nəticələrinin aradan qaldırılmasına yönəlmiş dövlət siyasətinin mahiyyətinin anlaşılması zəruri edir.
Təsəvvür edək ki, ictimai münasibətlər də bazar münasibətləri kimi tələb-təklif qanunu əsasında formalaşır. İdeal halda cəmiyyət sosial münasibətlər sisteminin bütün tələblərini və ya sosial sifarişi ödəmək üçün zəruri nemətləri kənar müdaxilə olmadan istehsal edir. Bu ideal model o vaxta qədər keçərlidir ki, bazar uğursuzluğu (market failure) baş verməsin. Bazar uğursuzluğu dövlətin müdaxiləsini şərtləndirir. Bazar uğursuzluğu zamanı bazar münasibətlərinin səmərəliliyinin (efficiency) və ədalətliliyinin (equity) təmin edilməsinin əsas vasitəsi dövlətin müdaxiləsidir. Dövlət müdaxiləsini zəruri edən bazar uğursuzluğunun bir neçə forması var ki, FETÖ fenomeni haqqında danışarkan bunlardan ikisi ağıla gəlir.

FETÖ neqativ eksternaliya kimi
Bunlardan birincisi eksternaliyadır. Eksternaliya bazar əməliyyatları zamanı bu əməliyyatlara aidiyyəti olmayan üçüncü tərəfin həmin əməliyyatlara təsiridir. Daha aydın anlaşılsın deyə praktik nümunəyə baxaq. Tutaq ki, siz ev almaq istəyirsiz və münasib bir ev bəyənmisiz. Həmin evin sahibi sizi evin ikinci mərtəbəsində eyvana çıxarır və qonşunun həyətində əkilmiş son dərəcə gözəl gül-çiçəkli mənzərəni göstərir. Hələ üstəlik qeyd edir ki, onun evini təkcə elə qonşunun bu gülüstanına görə almağa (bəlkə, hətta bir az baha qiymətə) dəyər. Dəməli, evin satıcısı qonşunun yaratdığı dəyərdən öz xeyrinə istifadə edir. Bu pozitiv eksternaliyadır. İndi eyni halın əksini təsəvvür edək. Sizin almaq istədiyiniz ev hər cəhətdən xoşunuza gəlir, amma həmin evin eyvanında yaxınlıqdakı zibilliyə mənzərə açılır və məhz bu səbəbdən də evin sahibi onu real qiymətindən ucuz satmağa məcburdur. Bu hal isə neqativ eksternaliyadır. Neqativ eksternaliyanın klassik nümunəsi ətraf mühiti çirkləndirən sənaye müəssisəsinin olması və onun həmin ərazidəki insanların sağlamlığına təsiridir. Bu cür neqativ eksternaliyada dövlətin müdaxiləsi iki cür ola bilər: ya normadan artıq çirklənməyə görə müəssisədən vergi və ya cərimə alınması (bu cərimə müəssisəni məcbur edir ki, çirklənməni normal səviyyədə saxlamaq üçün filtrlər tətbiq etsin), ya da çirklənmə ərazisində yaşayan insanlara əlavə kompensasiya verilməsi. Hər iki halda məqsəd tarazlığa (equilibrum) nail olmaqla yanaşı, səmərəliliyi təmin etmək və ədaləti qorumaqdır. 
İndi isə bu dediklərimizi ictimai münasibətlər sisteminə tətbiq etməklə FETÖ-nün neqativ eksternaliya olduğunu sübut etməyə çalışaq. Din ictimai münasibətlər sisteminin ayrılmaz hissəsidir. Bu münasibətlərin iki tərəfi var. Mənəvi tələbatlarının ödənməsini istəyən cəmiyyət (tələb tərəfi) və bu tələbatların ödənməsi üçün öz xidmətlərini təklif edən din təsisatı və onun agentləri olan dini qruplar, qurumlar və s. (təklif tərəfi). Azərbaycanda din-cəmiyyət münasibətlərinin özünəməxsus yeri var. Cəmiyyət həmişə həqiqi möminlərə, əsl din xadimlərinə xüsusi hörmət və qayğı ilə yanaşıb. Həmçinin cəmiyyətin siyasi təşkili forması kimi dövlətin də dinə münasibəti həmişə yüksələn xətt üzrə inkişaf edib. FETÖ isə qarşılıqlı etibarı zədələməklə həm cəmiyyət-din münasibətlərinə, həm dövlət-din münasibətlərinə mənfi təsirini göstərir. Həm də qarşılıqlı münasibətlərə (transaction) bu cür mənfi təsir bu münasibətlərin iştirakçılarının öz iradəsi ilə olmadığından neqativ eksternaliyadır. Buna praktik misalın bu günlərdə birbaşa şahidi oldum. Qeyri-hökumət təşkilatlarından birinin təşkil etdiyi tədbirdə çıxış etmək istəyən bir din xadiminə verilən ilk sual “Siz nurçu deyilsiz ki?” oldu. Cəmiyyət dindar olan və ya dinlə bu və ya digər şəkildə bağlılığı olan istənilən şəxsə “potensial” nurçu kimi yanaşma təhlükəsi ilə üz-üzədir. Məhz FETÖ dinin cəmiyyətdəki etimadını ciddi şəkildə imtahana çəkib. Deməli, bu cür neqativ eksternaliya dövlətin tənzimləyici rolunda müdaxiləsini zəruri edir.
Yeri gəlmişkən, dövlət pozitiv eksternaliya halında da bəzən müdaxilə edir. Məsələn, ətrafın abadlaşdırılması ilə məşğul olan icmanın dövlət tərəfindən dəstəklənməsi kimi. Azərbaycanın timsalında dövlət cəmiyyətdəki tolerantlığın qorunub saxlanmasına töhfə verən dini qurumların dəstəklənməsi üçün maddi vəsait ayırır. Dini tolerantlıq və dinc birgəyaşayış cəmiyyətin stabil inkişafının mühüm şərtlərindəndir və dinə münasibətindən asılı olmayaraq, ictimai münasibətlərin bütün iştirakçıları bu cür tolerant mühitdən fayda götürür. Deməli, bu halda tolerantlıq həm də pozitiv eksternaliyadlr. Dinin dövlətdən ayrı olduğu sərt sekulyar model nümunəsi olan Azərbaycanda hökumətin dini icmalara pul ayırması pozitiv eksternaliyaya dövlət müdaxiləsinin tipik nümunəsidir. 
FETÖ-nün neqativ eksternaliya kimi təzahür etdiyi ikinci nümunə təhsillə bağlıdır. Məlum olduğu kimi, FETÖ dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda təhsil müəssisələri təsis edib. Bu müəssisələrdə təhsilin səviyyəsinin nisbətən yüksək olması kifayət qədər istedadlı və tərəfsiz insanları özünə cəlb edib. Bu gün həmin təhsil müəssisələrini bitirmiş və FETÖ-nün ideoloji maşınının indoktrinasiya edə bilmədiyi xeyli sayda insan var ki, “nurçu” adı ilə damğalanır. Bu adamların həmin təhsil müəssisələrini seçməkdə yeganə məqsədləri keyfiyyətli təhsil almaq olsa da, indi onların istər əmək bazarında, istərsə də cəmiyyət arasında stereotiplərlə üzləşməsi labüddür. Bu nə onların, nə də cəmiyyətin günahı deyil. Bu, FETÖ-nün neqativ eksternaliya kimi günahıdır.

FETÖ və qeyri-simmetrik informasiya
Təhsil sahəsi ilə bağlı dövlətin müdaxiləsini zəruri edən ikinci bazar uğursuzluğuna da FETÖ-nün nümunəsində baxaq. Bazar uğursuzluğunun digər növü informasiya asimmetrikliyidir. Bu, o zaman meydana çıxır ki, bazarda alıcı və satıcı malın keyfiyyəti barədə fərqli informasiyaya malikdirlər. Məsələn, siz məşhur bir istehsalçıdan hər gün çörək alırsınız və sizin kimi həmin istehsalçıdan çörək alan çoxlu insan var. İstehsalçı çörəyin inqridiyentlərini onun üzərində göstərib. Lakin istehsalçı göstərməyib ki, çörəyin bişirilməsində istifadə olunan sobalarda ciddi kanserogen olan örtüklər var. Yəni istehsalçı və istehlakçının malın keyfiyyəti barədə informasiyaları simmetrik deyil. Yəqin ki, bu cür informasiya bir çox istehlakçıları həmin məhsulu almaqdan çəkindirərdi. FETÖ-yə məxsus təhsil müəssisələri də təhsil bazarında iştirak edərkən orada təhsillə yanaşı, ideoloji “beyinyuma” kimi zəruri prosedurların olması barədə məlumat verməyiblər. İstehlakçı isə yalnız keyfiyyətli təhsil məqsədilə həmin müəssisələrə üz tutub. FETÖ-nün nümunəsində qeyri-simmetrik informasiyanın bir xüsusiyyəti də nəzərə çarpır. Qeyri-simmetrik informasiyaya münasibətdə nemətlər iki qrupa bölünür. Birinci halda neməti əldə etməmişdən onun keyfiyyəti barədə nisbətən dəqiq mühakimə yürüdülə bilər. Məsələn, biz stul alsaq, onun necəliyini almazdan əvvəl yoxlaya bilərik. İkinci halda isə nemət haqqında dəqiq mühakiməni yalnız onu əldə etdikdən sonra yürütmək mümkündür. Məsələn, yeməyin necəliyini yalnız onu yedikdən sonra müəyyənləşdirmək olar. İnformasiya qeyri-simmetrikliyindən doğan bazar uğursuzluğu daha çox ikinici halda meydana çıxır. FETÖ məktəblərində də insanlar ora getməyənədək həmin məktəbdə onları nələrin gözlədiyini bilmirlər (bəlkə heç sonra da başa düşmürlər). Həm Azərbaycanda FETÖ-yə məxsus məktəblərin bağlanmasının, həm Ərdoğan hökumətinin bütün dünyada bu məktəblərin bağlanmasına dair hökumətlərə çağırış etməsinin kökündə informasiya qeyri-simmetrikliyindən doğan bazar uğursuzluğuna dövlət müdaxiləsinin zəruriliyi dayanır. 
Yeri gəlmişkən, informasiya qeyri-simmetrikliyi ilə bağlı geniş yayılmış praktikalardan biri həmin qeyri-dəqiq informasiyanın üçüncü tərəf vasitəsi ilə möhkəmləndirilməsidir. Məsələn, üçüncü tərəfin verdiyi keyfiyyət sertifikatları bəzi hallarda bazara çıxarılmış mal haqqında obyektiv informasiyanı gizlətmək üçün istifadə olunur. Bu halda dövlət müdaxiləsinin yollarından biri keyfiyyətin dövlət tərəfindən yoxlanılmasıdır. Məsələn, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ədəbiyyatın ekspertizasını təşkil edir. Bu halda dövlət siyasətinin məqsədi ictimaiyyətə təqdim olunan dini məhsulun keyfiyyətinin obyektiv şəkildə yoxlanılması və həmin məhsul barədə istehlakçıya simmetrik informasiyanın çatdırılmasıdır.

Nicat Məmmədli
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri 



Son baxılan xəbərlər

Dini icmalar ahılları ziyarət etdi (FOTO)

Press-relizlər
12.08.2013 / 14:05
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.11.2019 / 15:32
Ətraflı oxu

Saatlıda “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Press-relizlər
03.04.2018 / 14:54
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının iclası keçirilib

Xəbərlər
06.07.2022 / 16:31
Ətraflı oxu

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə ...

Xəbərlər
02.06.2021 / 17:53
Ətraflı oxu

Elşad İskəndərov: "Tezliklə bu azanları Şuşada, Xocalıda və işğal olunmuş bölgələrdə tikiləcək məscidlərdə səsləndirəcəyik” ...

Xəbərlər
22.02.2013 / 16:43
Ətraflı oxu