Press-relizlər / 12.02.2016 / 16:51
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Fevralın 12-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xəzər rayonu Binə qəsəbəsinin 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda növbəti tədbirlər keçirilib. Hər üç tədbirdə Penitensiar Xidmətin Tərbiyə işlərinin təşkili idarəsinin rəis müavini İntiqam Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi Namiq Cırıyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov iştirak ediblər.
Tədbirlərdə çıxış edən Penitensiar Xidmətin İdarə rəisinin müavini İntiqam Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq nümunəsi olduğunu bildirib. O qeyd edib ki, respublikamız tolerant ölkə kimi bütün ölkələrə nümunə göstərilə bilər.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə iştirakçılara geniş məlumat verib. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı və “Heydər” məscidində qılınmış vəhdət namazının buna əyani sübut olduğu məhkumların diqqətinə çatdırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, məhkumların çoxsaylı sualları cavablandırılıb.