
Xəbərlər / 17.11.2023 / 17:33
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə 16-17 noyabr tarixlərində Qubada “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda ikigünlük seminar-treninq keçirilib.
Quba, Qusar, Xaçmaz rayonlarında yerləşən məktəblərin direktorları, direktor müavinləri, uşaq birliyi rəhbərləri, psixoloqları, tarix, ədəbiyyat və həyat bilgisi fənlərini tədris edən müəllimlərin iştirakı ilə keçirilən tədbirdə DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev, Quba rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi Faiq Əliyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlar zamanı dünyəvi təhsilə qarşı ciddi təhlükə kəsb edən xurafat, mövhumat, fanatizm kimi ünsürlərin təsirlərinin məktəblərdən, xüsusilə məktəblilərdən uzaq tutulmasının, həmçinin təhsil ocaqlarının öz işlərini şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində qurmalarının vacibliyinə diqqət çəkilib. Bildirilib ki, gənc nəslin nümayəndələrinin gələcəkdə məzhəbçi və radikalizm meyilli şəxslər kimi formalaşmaması üçün onların vətənpərvər, savadlı, təşəbbüskar olmağa təşviq edilmələri olduqca vacibdir. Bu baxımdan əsas vəzifələrdən biri təhsil sahəsində çalışan şəxslərin, xüsusilə müəllimlərin üzərinə düşür. O da bildirilib ki, dini radikalizmin, yad ideologiyaların təhlükələrinin və real nəticələrinin şagirdlərə düzgün formada çatdırılması, onlara milli-dini biliklərin azərbaycançılıq ideologiyası kontekstində öyrədilməsi ilə sağlam təfəkkürlü gəncliyin yetişməsinə nail olmaq mümkündür.
Tədbir çərçivəsində DQİDK-nın sifarişi ilə çəkilmiş “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş olunub.
Seminar-treninqin sonunda müəllimlərlə tədris etdikləri fənn çərçivəsində milli-mənəvi dəyərlərin öyrədilməsi metodları müzakirə edilib, treninqin mövzusuna uyğun praktiki məşğələlər və qrup işləri aparılıb.