Press-relizlər / 22.01.2016 / 12:33
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirici tədbir yanvarın 21-də Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində “Dinimiz mənəviyyatımızdır” mövzusunda keçirilib. Tədbirdə Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli iştirak ediblər. Tədbirdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilib. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı və “Heydər” məscidində qılınmış vəhdət namazının buna əyani sübut olduğu məhkumların diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, məhkumların çoxsaylı sualları cavablandırılıb.