
Press-relizlər / 27.09.2023 / 14:25
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edilib.
Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.
Şəhidlərimizin əziz xatirəsi Bakıdakı “Təzəpir”, “Heydər, “İmam Əli” məscidlərində, eləcə də Sumqayıt, Abşeron, Şamaxı, Quba, İmişli, Zaqatala, Xaçmaz, Balakən, Qax və digər məscidlərdə dərin ehtiramla yad edilib.
Eyni zamanda Azərbaycan Respublikasının Alban-Udi Xristian, Gürcü və Avropa Yəhudilərinin Bakı, Gəncə şəhər Yəhudi, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian, Sumqayıt yəhudiləri dini icması, Sumqayıt şəhər Alov Xristian, Sumqayıt Molokan Xristian Ruhani dini icması, Qobustan rayonu Hilmilli kəndi "Molokan ruhani-xristian" dini icması, Bakı şəhəri “Molokan ruhani-xristian”, “Vineyard Azərbaycan” xristian dini icmaları və “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu tərəfindən anım tədbirləri keçirilib.
Respublikamızdakı məscid, kilsə və sinaqoqlarda keçirilən mərasimlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi yad edilib, onların ruhlarına dualar oxunub, dini ayinlər icra olunub.