Xəbərlər / 19.09.2023 / 17:34
Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun iştirakı ilə Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç qeyri-islam dini qurumlarının rəhbərləri ilə görüşüb.
Sədr müavini ölkəmizdə dövlətin din sahəsində siyasəti, dini etiqad azadlığının təminatı, dini konfessiyalara qayğı, tolerant və multikultural ənənələr barədə danışıb. Bildirib ki, Azərbaycan dünyəvilik prinsiplərinə əsaslanmaqla multikultural dəyərləri yaşatmaqda və inkişaf etdirməkdədir. Ölkəmiz bu sahədə tarixi təcrübəyə malikdir və Azərbaycanda müxtəlif etnik, dini qrupların birgəyaşayış mühiti sağlam təməllər üzərində qurulub. S.Heydərov diqqətə çatdırıb ki, Azərbaycan dünya üçün sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar, icmalar xüsusi fəallıq göstərib, mühüm rol oynayıblar.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmasının sədri İlya Zençenko, “Həyat Sözü – 2” Sumqayıt Xristian dini icmasının sədri Elçin Paşayev, “Yeni Həyat” Xristian İncil dini icmasının sədri Lyudmila İbrahimova, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci günün adventistləri” dini icmasının pastoru Elşən Cabbarov, Bakı şəhəri Nəsimi rayonu “Həyatverici Lütf” Xristian dini icmasının sədri Elşən Hüseynzadə çıxış edərək Azərbaycanda müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarixən sülh və əmin-amanlıq şəraitində yaşadığını, Azərbaycanda multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrildiyini vurğulayıblar.
Tarixən müxtəlif dinlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin, birgəyaşayış ənənələrinin mövcud olması, dünyəvi və demokratik respublika olan Azərbaycanda din azadlığının tam olaraq təmin edilməsi və müxtəlif dini icmaların dövlət tərəfindən mühafizə edilməsi, eləcə də multikulturalizmin Azərbaycanda rəsmi dövlət siyasəti olması barədə deyilənlər qonaqlar tərəfindən böyük məmnunluqla qarşılanıb. Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç Azərbaycandakı məzhəblərarası həmrəyliyi və dini konfessiyalar arasındakı tolerant mühiti, bərabərhüquqlu münasibətləri yüksək dəyərləndirib, ölkəmizdəki dini rəngarənglik, multikultural mühitin əhəmiyyətli rolundan danışıb, bu dəyərlərin qorunması və təşviqi istiqamətində həyata keçirilən siyasəti təqdir etdiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycanın bir dövlət olaraq multikulturalizm və tolerantlıq kimi humanist dəyərləri təbliğ etməsi dünyada sülhün bərqəqar olması üçün olduqca əhəmiyyətlidir. Qonaq səmimi qəbula və görüş imkanına görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, görüşdə ölkəmizin Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib.