Xəbərlər / 21.06.2023 / 16:55
İyunun 21-də Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans öz işini davam etdirib.
Konfransın ikinci günündə DQİDK və Masallı Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonda fəaliyyət göstərən qurumların rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə tədbiri giriş sözü ilə açaraq, bölgədəki dini durum barədə məlumat verib. Vurğulayıb ki, bu gün respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, tarixi-dini abidələrimizin bərpası və qorunması istiqamətlərində mühüm tədbirlər həyat keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxış edərək bildirib ki, hazırda ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənməkdədir. Ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycan dünyada tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi tanınır.
Şöbə müdiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkədə dini radikalizmin, ekstremizmin qarşısının alınması, milli-mənəvi dəyərlərimizin təbliği, ölkədə və ölkə hüdudlarından kənarda multikulturalizmin, tolerantlığın Azərbaycan modelinin təbliği istiqamətlərində həyata keçirdiyi maarifləndirici tədbirlər haqqında məlumat verib. Eyni zamanda, müasir dövrün çağırışları və qarşıda duran vəzifələr barədə tədbir iştirakçıları ilə fikirlərini bölüşüb.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşərək milli-ideoloji cəhətdən dövlətimiz və cəmiyyətimiz üçün mühüm strateji əhəmiyyət kəsb edən dini-ideoloji sahədə mövcud problemlər və əldə edilən uğurlardan danışıblar.
Konfrans işini müzakirələrlə davam etdirib.