
Press-relizlər / 21.12.2015 / 16:41
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində dekabrın 21–də Uğurbəyli kənd məscidində “Dini radikalizmi yaradan səbəblər” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, dini icmanın sədri Səbuhi Hacıyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda, Yevlax bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Layihə barədə məlumat verən Natiq Əfəndiyev bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə ekspert qismində iştirak edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev “Dini radikalizmi yaradan səbəblər” mövzusunda geniş məruzə ilə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb. Əzim Rəfiyev bildirib ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.