Qeyri-islam dini icmalarının nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Xəbərlər / 28.03.2023 / 15:58

Martın 28-də qeyri-islam dini icmalarının nümayəndələri Qubaya səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.

1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar təşkil olunan səfər çərçivəsində qonaqlar əvvəlcə Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi və “Giləki” sinaqoqu ilə yaxından tanış olublar.

Bildirilib ki, Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Dağ yəhudilərinin Qubada məskunlaşmaları XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, dini konfessiyaların nümayəndələri dualar oxuyublar.

Səfərdə iştirak edən qeyri-islam dini icmalarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Vurğulanıb ki, ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılıb. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin sonadək araşdırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Səfərdə Azərbaycandakı Dağ Yəhudiləri, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-Lüteranlar”, “Bakı şəhəri Yeni Apostol”, “Həyat sözü Xristian”, Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Həyat sözü”, “Həyatverici lütf”, “Alov”, “Vineyard”, “Krişna Şüuru”, “Molokan ruhani-xristian” və “Bəhai” dini icmaları təmsil olunub.

 

(AZƏRTAC)


Son baxılan xəbərlər

Bölgələrdə “Şəhadət” sənədli filminin nümayişi davam etdirilir

Press-relizlər
07.02.2018 / 09:05
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib

Xəbərlər
31.05.2023 / 17:05
Ətraflı oxu

Xətai rayonunda “İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
02.06.2017 / 15:03
Ətraflı oxu

Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban və Müqəddəs Yelisey ...

Xəbərlər
16.05.2021 / 10:18
Ətraflı oxu

"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

Xəbərlər
10.07.2019 / 16:56
Ətraflı oxu

Sumqayıtda MDTF-nin nəşrlərindən ibarət sərgi təşkil edilib

Xəbərlər
26.11.2021 / 17:58
Ətraflı oxu