
Xəbərlər / 17.03.2023 / 11:17
“30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar”. Bu fikirləri Prezident İlham Əliyev martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub: “Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır”.
Ölkə Prezidenti onu da vurğulayıb ki, Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.
“2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq”-, deyə Azərbaycanın dövlət başçısı əlavə edib.
(AZƏRTAC)