
Açıqlama / 23.01.2023 / 15:37
“Cəmiyyət və din” qəzeti hər ayın sonu çap olunurdu. Bu ildən elektron formata keçirik və yanvar ayının sonundan etibarən ayda bir dəfə işıq üzü görəcək. Qəzetdə ənənəvi rubrikalarla yanaşı, yeni rubrikalar da hazırlanacaq. Hazırda bununla bağlı müzakirələr aparırıq”.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev DQİDK-nın mətbu orqanları barədə “Hafta.az” onlayn ictimai-siyasi qəzetinə açıqlamasında bildirib.
Qəzetin maliyyə xərclərinin hansı formada qarşılandığına gəlincə, S.Mirzəyev deyib ki, indiyədək bunu qəzetin təsisçisi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təmin edirdi:
“Bu ildən biz elektron formata keçirik. Eyni zamanda, bizim “Dövlət və Din” adlı jurnalımız da var. Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçib. Jurnalımız da elektron formatda işıq üzü görəcək. Bu il jurnalın saytının yaradılması da nəzərdə tutulub. Hər iki nəşrin təsisçisi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Bu nəşrləri Dini maarifləndirmə işinin təşkili şöbəsi hazırlayır. Nəşrin hazırlanmasında şöbənin əməkdaşları iştirak edirlər. Hər iki nəşrdə Komitə əməkdaşları ilə yanaşı, kənar müəlliflərin yazıları dərc olunur. Şöbədə həmin nəşrlərin dərci ilə əlaqədar redaksiya işləri icra edilir, kənar müəlliflərin əlyazmalarının qəbulu və redaktəsi texnologiyasına uyğun istehsalat-yaradıcılıq prosesi aparılır və nəşrlərin profilinə uyğun gələn yazılar işıq üzü görür”.
Sözügedən nəşrlərin Media Reyestrində qeydiyyatdan keçib-keçmədiyinə gəlincə, qurum rəsmisi deyib ki, hələlik bununla bağlı müraciət edilməyib, amma bu məsələ də müzakirə olunmaqdadır.