Xəbərlər / 19.12.2022 / 16:34
Dekabrın 19-da Saatlı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib.
Fəal qadınlar, təhsil işçiləri, psixoloqlar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən seminarın məqsədi dini maarifçilik işinin həyata keçirilməsində dini radikalizm və xurafatla mübarizə, o cümlədən milli-mənəvi və tolerant dəyərlərin təbliğində qadınların fəal iştirakına dəstək vermək, bu sahədə onları istiqamətləndirməkdir.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova mövzu ilə bağlı fikirlərini bölüşərək, tolerant və multikultural ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması, gənclərin humanizm, vətənpərvərlik, tolerant və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə edilməsində qadınların üzərlərinə düşən öhdəliklərdən danışıblar. Bildirilib ki, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyaların reallaşdırılmasında daim inkişafda olan tərəqqipərvər Azərbaycan qadınlarının rolu böyükdür. Çıxışlarda eyni zamanda, zərərli dini meyillərin yol açdığı təhdidlər və onların multikultural cəmiyyətə təsiri, həmçinin bu kimi mənfi tendensiyalarla mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusən qadınların iştirakının vacibliyinə diqqət çəkilib.
Dövlət Komitəsinin əməkdaşı Aysel Abdullayeva öz növbəsində dini radikalizm, erkən nikah, xurafat və yaratdığı problemlər, eyni zamanda bütün bunlarla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında çəkilmiş “Ailə dəyərləri” sənədli filminin nümayiş edildiyi seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, Dövlət Komitəsinin nəşri olan kitablar təqdim edilib.