
Press-relizlər / 06.12.2022 / 15:42
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü, “New Direction” Avropa islahatlar Fondu, Avropa təhlükəsizliyi və dini azadlıq İnstitutunun birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Daha təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfrans keçirilib. Tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumlar, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Üç sessiyadan ibarət olan konfransda Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Yeni İstiqamət Fondunun icraçı direktoru Vitold de Şevilli, Avropa Ravvinləri Konfransının prezidenti Baş ravvini Pinças Goldşmidt, Avropa Şurasının Antisemitizm, anti-müsəlman və digər dini dözümsüzlük və nifrət cinayətləri üzrə xüsusi nümayəndəsi Daniel Holtgen, Hayder Qlobal şirkətinin baş direktoru Səccad Kərim, Cenevrə Ruhani Assosiasiyasının vitse-prezidenti Ventzeslav Sabev, Belçika Yəhudi Mərkəzi Konsistoriyasının prezidenti Filip Markieviç, Heartland Təşəbbüsünün Avropa və Asiya Koordinatoru və Avropa Yəhudi Assosiasiyasının üzvü Aynur Bəşirova, İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Bölgəsi Rəhbərliyinin üzvü Elder Erix Kopişke, Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniç, Beynəlxalq Bəhai İcmasının Brüssel Ofisi - Avropa Şurası, Avropa İttifaqı və ATƏT üzrə nümayəndəsi Raşel Bayani, Avropa Yəhudi İcması Mərkəzinin direktoru Avi Tavil, Bonn şəhərindəki Beynəlxalq Münasibətlər Akademiyasının icraçı direktoru Dr. Maysun Zeyn Al Din, Paris-Est Creteil Universitetinin tədqiqatçısı, MEDFOCUS-un direktoru Yunis Belfellah və digərləri “Müasir dünyada dinin rolu”, “Dinlərarası harmoniya davamlı inkişafın mühüm elementi kimi”, “Dinlərarası dialoq sülhə necə töhfə verə bilər?” mövzularında öz fikirlərini bildiriblər.
Çıxışında tədbirin əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Vaqif Sadıqov ölkəmizdə mədəniyyətlərarası dialoqun təşviqi sahəsində əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb. Vaqif Sadıqov, eyni zamanda iki ölkə arasında diplomatik əlaqələrin uğurla davam etdiyini vurğulayaraq Belçikanın da nümunəvi tolerantlıq mühiti ilə fərqləndiyini bildirib.
Sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, bu gün həm İslam, həm də Xristian aləmində dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılıb və gələcəkdə də yeni ocaqların yaradılması istisna deyil. Dini təhlükəsizlik problemlərinin gələcəkdə dünyada qlobal təhlükəsizlik problemlərinin əsasına çevrilməklə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşmasına gətirib çıxaracaq prosesin başlanması gözardı edilə bilməz.
Dindən siyasi məqsədlər üçün sui-istifadə, ksenofobiya, antisemitizm, islamofobiya kimi günümüzün qlobal çağırışlarının sülh, təhlükəsizlik və sosial birliyə ciddi təhlükə yaratdığını qeyd edib. Bu çağırışların mədəni müxtəlifliyi, sivilizasiyalararası dialoqu, müxtəlif dinlər arasında anlaşmanı təşviq etmək, bununla da tolerantlığı artırmaq məqsədi ilə müxtəlif dinlər və mədəniyyətlər arasında möhkəm dialoqun qurulması üçün beynəlxalq miqyasda səylərin birləşdirilməsini və gücləndirilməsini tələb etdiyini diqqətə çatdırıb. Bu baxımdan uğurlu Azərbaycan nümunəsinə diqqət çəkən Komitə rəsmisi bildirib ki, ölkəmizdə din azadlığı prioritet məsələdir və onun qorunması Respublikanın təhlükəsizliyinin başlıca qarantıdır. Azərbaycan dünya xəritəsində tolerantlıq mərkəzinə, XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu platformaya çevrilib. Dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, sülh və əmin-amanlıq üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası ölkələrin səylərinin birləşdirilməsi zəruridir. Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır.
S. Heydərov qeyd edib ki, Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən multikulturalizm, birgəyaşayış strategiyası artıq dünya ictimaiyyətinin diqqətindədir. Sözügedən strategiyanın ana xəttini təşkil edən, memarı Prezident İlham Əliyev olan “Bakı prosesi” platforması mənəvi böhrandan çıxış üçün “yol xəritəsi” kimi qiymətləndirilir. “Bakı prosesi” çərçivəsində Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycanın son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar düzənləməsi, beynəlxalq qurumların toplantılarına ev sahibliyi etməsi buna əyani sübutdur. Rəsmi qurumların bu prosesə cəlb edilməsi dövlətin tolerantlıq, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində hədəflərinə doğru irəliləməsini daha da sürətləndirir.
Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov dinin siyasiləşdirilməsinin ağır nəticələrinə toxunaraq süni olaraq radikal və ya ekstremist cərəyanların formalaşdırılmasının dinlər arasında dərin uçuruma səbəb olduğunu qeyd edib. Sözügedən proseslərin bəzən beynəlxalq təşkilatların diqqətindən kənarda qaldığını, nəticədə mövcud problemlərin daha təhlükəli məsələlərə çevrildiyini bildirən R.Həsənov qlobal miqyasda dinin bir vasitə olaraq istifadə edilməsinin qarşısının alınmasında din xadimlərinin də fəallığının əhəmiyyətini vurğulayıb. Əlavə edib ki, müasir qlobal proseslər, təhlükəsizliyə getdikcə artan çağırışlar və təhdidlər səylərin birləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və konfessiyalararası dialoqun inkişafının zəruriliyini şərtləndirir. Ölkəmizin bu istiqamətdə atdığı önəmli addımları, təşəbbüsləri xatırladan icraçı direktor Bakının qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm meydana çevrildiyini bildirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılovun “Davamlı inkişaf və sülh naminə dinlərarası harmoniya” və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun “Dinlərarası və mədəniyyətlərarası dialoq kontekstində İslam mədəniyyətinin dünya sivilizasiyasına töhfəsi” mövzularında məruzələri dinlənilib.
Digər çıxışlarda dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilasın mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilib.
Qeyd edək ki, təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş “Bakı Prosesi”ni davam etdirərək, dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına təkan vermək məqsədi daşıyan konfrans çərçivəsində “Fərqli dinlər, ortaq dəyərlər” adlı fotosərgi də nümayiş etdirilib.