Xəbərlər / 21.11.2022 / 17:06
Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “XXI əsrdən baxış: dini durumun tənzimlənməsində dini ədəbiyyatın rolu” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Naşirlər, mətbəə rəhbərləri, din xadimləri, dini icma sədrləri və dinşünasların iştirak etdikləri tədbiri giriş sözü ilə açan DQİDK sədrinin müavini Gündüz İsmayılov dini ədəbiyyatla bağlı aktual problemlərdən danışıb. O bildirib ki, qloballaşan dünyada məlumat bolluğunun yaranması, internet istifadəçilərinin sayının artması dəyərlərin dəyişməsinə, kağız daşıyıcıda olan ədəbiyyatın sıxışdırılaraq öz yerini elektron kitablara, çox vaxt isə sosial şəbəkələrdə yayılan müxtəlif formatlı məlumatlara verməsinə səbəb olur. Nəticədə insanların dini məzmunlu informasiyaya əlçatanlığı təmin edilsə də, bəzi hallarda yad, zərərli, yalnış dini məlumatlar, radikal, fundamental və bu kimi cəmiyyətə mənfi təsir göstərən fikirlərin təbliğ edildiyi kitablar yayılır. Sədr müavini vurğulayıb ki, bu gün məsciddə oxunan moizəni təkcə məscidin tutumu qədər yox, minlərlə insan sosial şəbəkələr vasitəsilə dinləmək imkanı əldə edir. Bu baxımdan din xadimlərinə müraciət edən G.İsmayılov onları dini təbliğ etdikləri zaman maksimum diqqətli olmağa, həmçinin milli-mənəvi dəyərlərin yüksək tutulduğu dini təyinatlı ədəbiyyatın yazılması prosesində aktiv iştirak etməyə çağırıb.
Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “XXI əsrdən baxış:dini durumun tənzimlənməsində dini ədəbiyyatın rolu" mövzusunda təqdimatla çıxış edərək Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda dini ədəbiyyatların yayımlanması ilə bağlı maddəni şərh edib. Bildirib ki, istər elektron resurslar üzərindən, istərsə də digər vasitələrlə insanlara din təlqin olunursa da, onların hər birinin əsas mənbəyi kitabdır. Dini kitabların ekspertizasının həyata keçirilməsi meyarları haqqında danışan N.Məmmədov dini nifrət və düşmənçiliyi yayan, dinlər və məzhəblər arasında münasibətlərə xələl gətirən, multikultural və tolerant mühitə mənfi təsir göstərə biləcək dini ədəbiyyatların ölkəyə idxalının daim nəzarətdə olduğunu qeyd edib. Komitə rəsmisi vətəndaşlarımızın maarifləndirici dini ədəbiyyatla təmin edilməsi ilə yanaşı, vergi hüquqpozmalarının qarşısını alan, əqli mülkiyyət hüquqlarının qorunmasında da faydalı olan dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markaları ilə markalanması prosesi barədə də məlumat verib.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Əjdərbəy məscidinin imamı Valeh Nəzirov, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, “İslamşünaslıq” elmi-tədqiqat mərkəzinin əməkdaşı Yeganə Mirzəyeva mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Konfrans işini müzakirələrlə yekunlaşdırıb.