
Xəbərlər / 11.11.2022 / 15:52
Noyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Gündüz Səmədli, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Qumru Səlimova, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Günel Ağayeva, Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının sədr müavini Ramilə Seyidova, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, 12 noyabr 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Qeyd olunub ki, Konstitusiya ölkəmizdə demokratik dəyişikliklərə yol açaraq, cəmiyyətin təhlükəsizliyinin qorunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olmaqla yanaşı, çağdaş tariximizin ən mühüm hadisəsidir.
Sonda iştirakçılar mövzu ilə əlaqədar fikirlərini bildiriblər.