
Xəbərlər / 26.09.2022 / 16:32
Sentyabrın 26-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Akademik Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə 27 sentyabr Anım Günü münasibəti ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təshil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Xamis İsmayılov, Zaqatala rayonu Akademik Zərifə Əliyeva adına Texniki təmayüllü liseyin direktoru vəzifəsini icra edən Vüsalə Mahmudova, liseyin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Çıxışlar zamanı mövzunun əhəmiyyəti barəsində danışılıb, müxtəlif millətlərə mənsub olan və fərqli dinlərə sitayiş edən hər bir Azərbaycan vətəndaşının 44 günlük Vətən müharibəsində ölkə Prezidentinin ətrafında “dəmir yumruq” kimi birlik nümayiş etdirdiyi və bu birlik nəticəsində əzəli Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda mübarizədə ən yeni Azərbaycan tarixinin yazıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Şanlı tarixi Zəfərin qazanılmasında Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərinin, rəşadətli Azərbaycan Ordusunun və xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəyliyin önəmi vurğulanıb. Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğu və bu keyfiyyətlərin Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığını qeyd edilib. Bildirilib ki, Azərbaycanda yaşayan azsaylı xalqların və müxtəlif dini konfessiya nümayəndələrinin torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda birgə mübarizəsi nəticəsində Azərbaycan xalqı ölkədəki mövcud zəngin multikultural və tolerant dəyərləri bir daha dünyaya nümayiş etdirdi.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara maarifləndirici ədəbiyyat təqdim edilib.