
Press-relizlər / 03.08.2022 / 16:11
Məhərrəm ayı ilə bağlı bölgələrdə tədbirlər keçirilir.
Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazılığının birgə təşkilatçılığı ilə Ağdaş şəhəri “Hacı İsmayıl” məscidində keçirilən tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, QMİ-nin bölgə qazısı Əli Məmmədov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Qax rayonu “Mərkəzi Cümə” məscidində baş tutan tədbirdə isə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Tərlan Nəzərov və Ruslan Əfəndiyev, QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Məhərrəm ayı ilə əlaqədar daha bir tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə şəhər İmamzadə Ziyarətgah kompleksinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurasının üzvü Tahir Abbasov, Samux və Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları və yerli idarələrin əməkdaşları iştirak ediblər.
Çıxışlarda dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi vurğulanıb. Məhərrəm ayı ilə əlaqədar tədbirlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda dini icma sədrlərinə və din xadimlərinə müvafiq tövsiyələr verilib.