Dövlət Komitəsinin Aparat rəhbəri: “Din sahəsində üzləşdiyimiz bir sıra təhdid cəhdləri var ki, onların aradan qaldırılmasında Azərbaycan mətbuatının rolu, dəstəyi danılmazdır”

Açıqlama / 07.07.2022 / 10:28

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov "Report"a açıqlama verib.

A.Cavadov bildirib ki, Azərbaycan hüquqi, dünyəvi və demokratik respublikadır. Dövlətin siyasətində din amili özünəməxsus yer tutur. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətlə din arasında münasibətlər çox möhkəmdir. Bu möhkəmliyin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Ümummilli Lider hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna başlamaqla yanaşı, sağlam təməllər üzərində dövlət-din münasibətlərini də formalaşdırdı. Fərəhləndirici haldır ki, dahi şəxsiyyətin mənəvi-dini dəyərlərin qorunması və dövlət-din münasibətləri ilə bağlı müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin nəcib əməllərini, əsasını qoyduğu mütərəqqi ənənələri layiqincə yaşadır, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşır.

Aparat rəhbəri vurğulayıb ki, bu qədər əhəmiyyətli bir siyasətin düzgün qurulmasında, formalaşmasında dövlət qədər cəmiyyətin, xüsusilə media nümayəndələrinin üzərinə mühüm vəzifə düşür: “Dinin düzgün şəkildə təbliği və insanlara çatdırılması önəm kəsb edən məqamlardandır. Milli mətbuatımız, anadilli jurnalistikamız dövlətçiliyimizin bərpası və tərəqqisində mühüm xidmətlər göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişaf əldə edilib. Azərbaycan mətbuatı hər zaman milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşıb, onların müdafiəsində dayanıb. Bu gün müasir, qloballaşan dünyada dəyərlərimiz, özəlliklə də dini dəyərlərimiz ilə bağlı informasiyaların təhrif olunmadan, olduğu kimi cəmiyyətə ötürülməsinə böyük ehtiyac var. Təəssüflə qeyd olunmalı məqamlardan biri də ondan ibarətdir ki, müasir dünyada sosial şəbəkələr, sosial media yalnız düzgün informasiyalar yayımlamır. Əfsuslar olsun ki, bu virtual məkandan məkrli insanlar, destruktiv qüvvələr də öz  bədxah məqsədlərinə uyğun istifadə edərək geniş kütlələrə, xüsusilə gənclərə təsir etməyə çalışırlar, onları yalnış istiqamətə yönləndirməyə cəhd göstərirlər. Məhz bu nüans medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır. Dünya təcrübəsi göstərir ki, bəzən hansısa bir mətbu orqanda dinlə bağlı gedən yalnış bir yazı böyük çaxnaşma, qarşıdurma yaradır. Ona görə də bu məsələdə həssas olmaq çox vacibdir”.

Dövlət Komitəsinin rəsmisi onu da bildirib ki, yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, İslamı və digər dinləri tənqid edən qüvvələrə qarşı mübarizədə xüsusilə media nümayəndələri fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər: “Bu gün Azərbaycan mətbuatı dini radikalizmə qarşı mübarizə məsələsində mühüm rol oynayır, maarifləndirici və təhlil xarakterli yazılar dərc edir. Dini maarifləndirmə işinin həyata keçirilməsində, dini radikalizm və ekstremizmlə mübarizənin təşkilində, milli-mənəvi dəyərlərin qorunması, həmçinin təbliğində media xüsusi önəm daşıyır.  Dinin siyasiləşdirilməsi, milli kimliyimizin dini kimliyimizə qarşı qoyulması, dünyəvi təhsilə və dünyəviliyə qarşı cəhdlər, məzhəbçiliyin yayılması kimi din sahəsində üzləşdiyimiz bir sıra təhdid cəhdləri var  ki, onların aradan qaldırılmasında Azərbaycan mətbuatının rolu, dəstəyi  danılmazdır”.

O hesab edir ki, populyar mədəniyyətin ən effektiv yönü başqalarına təsir edə bilmək üçün mediadan istifadə etməsidir. Bütün media vasitələri mədəniyyət istehsalında güclü təsirə malikdirlər. Azərbaycanda mövcud olan birgəyaşayış, multikultural dəyərlərin, tolerant mühitin təbliğində də medianın rolu böyükdür. Ümumilikdə mətbuatımıza nəzər salsaq, son dövrlərdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində xeyli işlər görülüb və görülməkdədir.

Son baxılan xəbərlər

“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
03.03.2021 / 10:16
Ətraflı oxu

Xaçmazda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
05.11.2016 / 11:09
Ətraflı oxu

Həqiqət anı: azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Xəbərlər
31.03.2018 / 10:06
Ətraflı oxu

Yas mərasimi: necə olmalıdır, necə keçirilir?

Xəbərlər
11.03.2016 / 09:21
Ətraflı oxu

Ağdaşda Qurban bayramına həsr olunmuş tədbir keçirilib

Xəbərlər
16.07.2021 / 12:57
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
07.09.2018 / 15:36
Ətraflı oxu