
Xəbərlər / 29.06.2022 / 15:57
İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq ?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Göygöl rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl Mədəniyyət Mərkəzinin və rayon Mərkəzi kitabxanasının əməkdaşları iştirak ediblər.
Çıxışlarda Azərbaycanda radikal dini cərəyanların yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizmlə mübarizə sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.