Oğuzda "Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı" mövzusunda konfrans keçirilib

Xəbərlər / 20.06.2022 / 14:07

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, Azərbaycan Bəhailər Dini Mərkəzinin təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələrinin Qəbələ və Oğuz rayonlarına səfəri təşkil edilib. Səfər çərçivəsində iyunun 17-də Qəbələ rayonu Nic qəsəbəsindəki Müqəddəs Yelisey, Müqəddəs Məryəm Ana kilsələri, Azərbaycan Udi Ocağı, Yalağaclı məhəllə Cümə məscidi, eyni zamanda Oğuz rayon Yuxarı məhəllə sinaqoqu ziyarət edilib.

İyunun 18-də isə Oğuz rayonunda "Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı" mövzusunda konfrans keçirilib.

Öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən hazırlanmış "Heydər Əliyev və Azərbaycançılıq" filmi nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ölkəmizdə hökm sürən nümunəvi dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu, bu sahədə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyası fonunda birgəyaşayış ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və ölkəmizdə müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov konfransın müxtəlif dinlərə etiqad edən etnosların dini icmalarının, kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalqların birgə yaşadığı regionlarımızdan biri olan Oğuz rayonunda keçirilməsinin təsadüfi olmadığını bildirib. Komitə sədrinin müavini qeyd edib ki, müstəqilliyimizin ilk illərinə təsadüf edən xaosun, hakimiyyətsizliyin, hərc-mərcliyin baş alıb getdiyi, erməni təcavüzkarlığının sürətlə genişləndiyi, separatizmin tüğyan etdiyi, həmçinin dini zəmində ayrı-seçkiliyin kök saldığı, qeyri-ənənəvi dini cərəyanların, idealogiyaların yayılmağa başladığı mürəkkəb bir dövrdə birləşdirici və uzaqgörən ideologiyaya ehtiyac var idi. Məhz belə bir vaxtda Ümummilli Liderin azərbaycançılıq ideologiyasını ərsəyə gətirərək onu dövlət ideologiyasına çevirməsi qısa zaman kəsiyində ölkəmizdə sabitliyin bərqərar olmasını təmin etdi. S.Heydərov, həmçinin milli olduğu qədər də bəşəri, universal səciyyə daşıyan azərbaycançılıq ideologiyasında tolerantlıq və multikulturalizm amilinə toxunub. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası çərçivəsində formalaşdırdığı siyasət  bu gün Azərbaycanı özünəməxsus multikulturalizm, tolerantlıq və dövlət-din münasibətləri nümunəsinin uğurlu modeli kimi dünyada tanıdır.

Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov öz milli dəyərləri ilə dünyaya nümunə olan Azərbaycanda yüksək dövlət-din münasibətlərinin mövcudluğundan, hər kəsin vahid qardaşlıq, birgəyaşayış şəraitində yaşamasından danışıb. Bildirib ki, dövlət tərəfindən ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalara maddi və mənəvi dəstək göstərilir.

Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Andrey Bezotosniy Azərbaycanda tarixboyu bütün dinlərin nümayəndələrinin harmoniya və qardaşlıq mühitində yaşadıqlarına diqqət çəkərək dövlətin bu sahəyə xüsusi diqqət ayırmasından bəhs edib. Heydər Əliyev Fondu tərəfindən bütün dinlərə məxsus tarixi-dini abidələrin, ziyarətgahların yenidən qurulmasının və yenilərinin tikilməsinin bunun bariz nümunəsi olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Katolik kilsəsinin nümayəndəsi Toral Ağayev dinlərarası sülhün qorunması və möhkəmləndirilməsi üçün azərbaycançılıq ideologiyasının əhəmiyyəti, Azərbaycanda multikulturalizmin tarixi və dini kökləri mövzusunda məruzə ilə çıxış edib. Dünyada baş verən milli və dini zəminli münaqişələrin fonunda ölkəmizdə birgəyaşayış mühitinin yüksək səviyyədə qorunmasından, dinlərarası və konfessiyalararası həmrəyliyin dövlət siyasətinin tərkib hissəsi olmasından danışıb. Vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elə bir siyasət qurulub ki, bu siyasətin təməlində hər bir insana verilən dəyər dayanır. Azərbaycan xalqının öz müqəddəratını həll etdiyi 44 günlük Vətən müharibəsi dönəmində də dinindən, dilindən, milliyyətindən asılı olmayaraq bütün dinlərin nümayəndələri bir yumruq kimi birləşdi.

Alban-udi xristian dini icmasının sədri Robert Mobili dini və milli müxtəlifliyin qarşılıqlı tanınmasının və fərqli mədəniyyətlərə, din mənsublarına hörmətlə yanaşılmasının insan hüquqlarının müdafiəsinin təməl prinsiplərindən biri olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, mədəni müxtəlifliyin qəbul edilmədiyi, fərqli dinlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncələrinə ehtiram bəslənilməyən cəmiyyətdə inkişafa nail olmaq mümkün deyil. “Qlobolizasiya dövründə din məsələsi mühüm amildir, bunun üçün isə mühit önəmlidir. Bu gün Azərbaycanda dini müxtəlifliyin, birgəyaşayışın qorunub saxlanılması və inkişafı üçün bütün dünyaya nümunə sayıla biləcək mühit var”-deyə R.Mobili əlavə edib.

Daha sonra Oğuz şəhər Yəhudi dini icmasının sədri Şirin Şuminov, Bakı şəhəri “Alov” xristian dini icmasının sədri İdris Məmmədov, Qax rayonu “Müqəddəs Giorgi” kilsəsi gürcü-pravoslav dini icmasının sədri İaqo Kasiaşvili, Azərbaycan Bəhailər Dini Mərkəzinin sədri Ramazan Əsgərov çıxışlarında mövzunun əhəmiyyətindən bəhs edərək, dövlətin din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsinin Prezident İlham Əliyev tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu diqqətə çatdırıblar.


Son baxılan xəbərlər

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də dini radikalizm mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.09.2018 / 15:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı səfirini qəbul edib

Press-relizlər
14.10.2014 / 14:37
Ətraflı oxu

DQİDK-nın ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının “Məzarlıqların dağıdılması” adlı arayışının Azərbaycanla bağlı hissəsinə ...

Xəbərlər
06.09.2021 / 15:52
Ətraflı oxu

Göyçayda “Tarixi - dini abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.10.2021 / 16:51
Ətraflı oxu

Göyçayda “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.03.2022 / 15:33
Ətraflı oxu

Prezident İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib

Arxiv
25.11.2016 / 11:13
Ətraflı oxu