
Xəbərlər / 01.06.2022 / 11:55
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən və Qax rayon İcra Hakimiyyətləri, eləcə də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nümayəndələrinin birgə təşkilatçılığı ilə görüş keçirilib. Təşkil edilən görüşdə DQİDK-nın şöbə müdiri İlqar Vəliyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Keçirilmiş maarifləndirmə tədbirlərində adıçəkilən rayonlardakı dini durum müzakirə edilib, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dini etiqad azadlığı haqqında” qanuna uyğun olaraq hazırlanan “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” barədə ətraflı məlumat verilib. Həmçinin DQİDK tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilmiş müsahibə şərtləri ilə tədbir iştirakçıları tanış edilib, müsahibə qaydası açıqlanıb və lazım olan sənədlərin siyahısı diqqətə çatdırılıb.
Sonda din xadimlərini maraqlandıran suallar cavablandırılıb və müvafiq tapşırıqlar verilib.