
Xəbərlər / 24.05.2022 / 17:05
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu A.Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbində Azərbaycanın dövlət müstəqilliyinin 104-cü ildönümü münasibətilə “28 May-Müstəqillik Günü” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu Təhsil sektorunun məsləhətçisi Rəcəb Əlizadə, RİHB-nın Üçüncü Tala kənd İƏD üzrə nümayəndə müavini Mövləddin Qaracayev, Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbin direktoru Alimə Qurbanova, məktəbin müəllim və şagirdləri iştirak edib.
Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanlıb.
Çıxışlar zamanı dövlətçiliyin, vətənpərvərliyin, milli birliyin və həmrəyliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərə bağlılığın önəmindən ətraflı bəhs edilib. Vurğulanıb ki, XX əsrin ilk iyirmi illiyində siyasi, iqtisadi və ictimai həyatda çətin dönəm olmasına baxmayaraq, xalq öz milli birlik, həmrəylik, vətənpərvilik və milli mənlik şüurunu özünə qaytardı, müstəqil, azad və demokratik respublika quraraq öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin timsalında Şərqdə ilk demokratik parlament respublikası qurmağı bacaran Azərbaycan xalqı 71 il sonra- 8 Oktyabr 1991-ci il tarixdə qədim dövlətçilik ənənəsinə sadiq qalaraq yenidən öz müstəqilliyini bərpa etdi. Bildirilib ki, məhz bu zaman xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan və “xilaskarlıq missiyasını” həyata keçirən Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin yeni inkişaf mərhələsinə qədəm qoyulub. Müstəqilliyimizin, dövlətçiliyimizin və suverenliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində işlərin həyata keçirildiyi vurğulanıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş və ardıcıl siyasətin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.