Xəbərlər / 19.05.2022 / 09:41
Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin və “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, “Şirvan Gənclər Evi” SXM-nin direktoru Əfqan Həsənov, Şirvan şəhər məscidinin imamı Əvəz Mehrəliyev, Gənclər Evinin könüllüləri, tələbə və şagirdlər iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə multikultural dəyərlərin, dini dözümlülüyün nümunəvi formada olmasından, Prezident İlham Əliyev tərəfindən hər zaman milli, dini dəyərlərimizə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Bu gün cəmiyyətin bəlasına çevrilən və gənclər arasında radikal fikirlərin yayılmasına səbəb olan mənfi tendensiyalardan danışan tədbir iştirakçıları bütün bunlara qarşı mübarizədə təhsilin önəminə toxunublar. Eyni zamanda Azərbaycanda olan tolerantlıq və multikulturalizmin bütün dünya üçün nümunəvi olduğu, bu sahədə Dövlət Komitəsinin fəaliyyəti diqqətə çatdırılıb.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən gənclərin dini radikalizmə qarşı maarifləndirilməsi məqsədilə çəkilmiş "Fitnə" filmi nümayiş olunub, sonda gənclərə DQİDK tərəfindən nəşr edilmiş kitab və braşürlər paylanılıb.