
Press-relizlər / 11.05.2022 / 16:17
Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Təhsil Şöbəsi, eləcə də Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yuxarı Tala kəndi 4 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Azərbaycançılıq ideologiyası” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Zaqatala Rayon Təhsil Şöbəsinin məsləhətçisi Rəcəb Əlizadə, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Azərbaycançılıq ideyasının milli dövlətçiliyimizin inkişafında mühüm rol oynayan, milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurə olduğu diqqətə çatdırılıb. O da bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.