Çağdaş azərbaycançılıq ideologiyasının banisi

Xəbərlər / 10.05.2022 / 10:18

Azərbaycan dövlətinin milli ideologiyasının təməlini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissəsidir.

Heydər ƏLİYEV

Ümummilli lider

Müstəqilliyimizin ilk illərində, xaosun, hakimiyyətsizliyin, hərc-mərcliyin baş alıb getdiyi, problemlərin durmadan artdığı zamanda azərbaycançılığın ümummilli ideya halına gəlməsinə, eləcə də bütün dünya azərbaycanlılarını, ölkəmizdə yaşayan bütün dinlərin və xalq­ların nümayəndələrini birləşdirən məfkurəyə ciddi ehtiyac yaran­mışdı. Bir sözlə, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan, bəlkə də, tarixinin ən dərin sosial-iqtisadi və mənəvi böhranını yaşayırdı. Bəzi məkrli xarici qüvvələr tərəfindən məqsədli və sis­temli şəkildə əhalinin qeyri-sağlam təbəqələri hədəfə alınaraq, onlar arasında ciddi antimilli və antidövlət meyillərin formalaşdırılmasına cəhdlər artmışdı, müstəqil dövlətin əsaslarına, vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaranmışdı. Yetmiş illik əsarətdən yeni qurtul­muş ölkəmizdə yaranmış ağır vəziyyət, o cümlədən əhalinin dini biliklərinin az olması bəzi dairələri Azərbaycanda dini radikalizmin özəyinin formalaşdırılmasına sövq edirdi. Eləcə də, dini inancdan öz geosiyasi maraqlarını həyata keçirmək vasitəsi kimi yararlanmağa çalışan güclərin təsiri və dəstəyi qeyri-ənənəvi dini cərəyanların ölkəmizə ayaq açmasına zəmin yaratmışdı.

Təəssüf ki, bu dövrdə ölkəmizə Vətəninin, xalqının gələcəyini, dövlət maraqlarını deyil, özlərinin şəxsi mənafeyini düşünən, imkanlarından qat-qat böyük ambisiyalarla yaşayan, heç bir idarəçilik qabiliyyəti, təcrübəsi olmayan şəxslərin rəhbərlik etməsi dövlətçiliyimizi uçurumun kənarına gətirib çıxarmışdı. Ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi və sosial böhranın baş alıb getməsi, ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğalı, Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini yaşaması, vətəndaş qarşıdurmasının pik həddə çatması nəticəsində xalq sabaha ümidini tamamilə itirmişdi.

Bu yeni tarixi şəraitdə ölkəni qarşılaşdığı böhranlardan çıxarmaq, xalqın özünəinamını geri qaytarmaq üçün milli dərkə və ideologiyaya ehtiyac duyulurdu. Bu konsepsiya həm milli-dini adət-ənənələrimizə əsaslanmalı, həm də ölkənin çağdaş dünyaya inteqrasiyasını təmin etməli idi. Ümumiyyətlə, burada əsas missiya dünyada gedən demokratiya, inkişaf və qloballaşma prosesindən geri qalmamaq, o cümlədən milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqla yanaşı, tolerant və multikultural dəyərləri yaşatmaq idi. Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində bu missiyanın öhdəsindən uğurla gələn fenomenal şəxsiyyət Heydər Əliyev dövlətin azərbaycançılıq ideologiyasının əsasında gələcəyə gedən yolunu məharətlə müəyyən etdi.

Milli təhlükəsizliyin əsas ideoloji təminatçısı

Ulu öndər Heydər Əliyevin yaratdığı milli ideologiya – azərbaycançılıq məfkurəsi, ölkədə və beynəlxalq aləmdə yeritdiyi sülhsevər siyasət ölkəmizin milli təhlükəsizliyinin, həmçinin ideoloji təhlükəsizliyinin əsasını təşkil etmişdir. Milli təhlükəsizliyin əsas mahiyyəti təkcə ölkə ərazisinin və əhalisinin müdafiə olunması deyil, həm də ideoloji təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycançılıq bir ideoloji sütun kimi ölkəmizin milli təhlükəsizliyini təmin etmək potensialına malikdir. Yeri gəlmişkən, milli mənafelərimizin başlıca tərkib hissəsi olan qüdrətli və güclü Azərbaycan ideyası milli təhlükəsizlik strategiyasının əsas hədəflərindən biridir. Azərbaycançılıq ideologiyası istər Azərbaycanın daxili siyasi həyatına, istərsə də, onun beynəlxalq siyasi imicinə dəstək olan əsas ideoloji sütun kimi götürülə bilər. Bu ideologiya bir tərəfdən ölkədəki inkişafın, sabitliyin, digər tərəfdən də onun geosiyasi və geostrateji mənafelərinin prioritetini təşkil edir. Azərbaycan vətəndaşı olaraq milli mənafeyimiz həm siyasi-iqtisadi və hüquqi azadlıqlarımızın qorunmasını, bütün ölkə əhalisinin bərabərliyini və rifahını nəzərdə tutur, həm də sabit cəmiyyətin mənəvi dəyərlərindən doğan ehtiyac kimi, bütün bu dəyərlərin qoruyucusu olan dövlətimizin mənafeyini formalaşdırır. Azərbaycançılıq milli mənafeyimizə uyğun gəlməyən, milli təhlükəsizliyimizə təhlükə yaradan təxribatlara sipər olan bir ideologiya kimi, mənəvi dəyərlərimizdən, mentalitetimizdən, uğurlu xarici siyasətimizdən bəhrələnir.

Tolerantlıq və multikulturalizm

Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Məhz azərbaycançılıq ideologiyası ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Milli olduğu qədər də bəşəri, universal səciyyə daşıyan azərbaycançılıq ideologiyasında tolerantlıq amilini xüsusi vurğulamaq lazımdır. Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi Vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması tolerantlığın bariz təzahürüdür. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət də yaşadılır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi bazanın yaradılması, bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsidir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə xüsusi qayğı göstərilməyə başlanıldı, dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq gücləndi. Ümummilli liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda, ölkəmizdə mövcud olan bütün milli azlıqlar vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdi.

Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə ümummilli lider Heydər Əliyevin ölkənin vahidliyini və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Eyni zamanda, Azərbaycanda multikultural mühitin təşəkkül tapmasında azərbaycançılıq ideologiyasının yeri və rolu danılmazdır. Bununla da birmənalı olaraq deyə bilərik ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyası ilə müasir Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi.

Ulu öndər azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Heydər Əliyev öz çıxışlarının birində deyirdi: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycandaheç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur”. Məhz bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətinin mahiyyətini dərk etməyə kifayətdir.

Ulu öndər azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Təbii ki, onun milli-mənəvi sahədə həyata keçirdiyi mütərəqqi islahatlar bununla məhdudlaşmır. Milli-mənəvi, xüsusilə dini dəyərlər sisteminin sağlam müstəvidə inkişaf etdirilməsi və qorunması üçün güclü siyasi iradə, habelə dövlətçilik təcrübəsi tələb olunurdu. Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi həmin işin öhdəsindən də məharətlə gəldi. Dini təhlükəsizliyin təmin edilməsi üçün hüquqi-inzibati sferada lazımi addımlar atılmaqla yanaşı, məzhəbçilik, dini-nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının da qarşısı qətiyyətlə alındı. O dövrdə Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxmasını istəməyən daxili və xarici qüvvələr Heydər Əliyevə hər vəchlə mane olmağa çalışsalar da, xalqın ulu öndərə verdiyi böyük dəstək nəticəsində bu çirkin təxribatların sonu uğursuzluqla bitdi. Azərbaycanın ən böyük ziyalısı ulu öndər çox çətin bir vaxtda məsuliyyəti öz üzərinə götürüb xalqımızın dəyərlər sistemini məhvolma təhlükəsindən xilas etdi.

Dünənin, bugünün və sabahın məfkurəsi

Dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədə təzahür edir. Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi bəşəri dəyərlərin zənginləşdirilməsi, beynəlxalq və regional sülhün bərqərar olması üzrə olduqca əhəmiyyət kəsb edən özünəməxsus multikulturalizm, tolerantlıq və dövlət-din münasibətləri nümunəsi formalaşdıran ölkə kimi tanınmaqdadır.

Əsrlərdir tolerantlıq və multikulturalizm xalqımızın ictimai-siyasi həyatının mühüm, həm də ayrılmaz dəyərinə çevrilib. İndi isə bu dəyərlər müstəqilliyimizin milli sərvəti kimi çıxış edir. Xalqın əsrlərlə yol gələn mənəvi dəyərlər sistemi dövlətin dəstəyi sayəsində daha güclü və daha təsirli xarakter alıb. İslamofobiyanın geniş yayıldığı bir dövrdə Azərbaycan dünyanı vəhdət namazları ilə heyrətləndirməyi bacarmışdır.

Fərəhli haldır ki, bu gün ölkədə mütərəqqi dövlətçilik ənənələri, formalaşdırılan bünövrə yeni uğurlarla daha da möhkəmləndirilir. Qlobal inkişaf proseslərinin önəmli üzvünə çevrilən Azərbaycanın yüksəlişi davamlı xarakter daşıyır. Bəşəriyyətin xoşbəxt gələcəyinə hesablanmış qlobal təşəbbüsləri, çağırışları ilə sivilizasiya və dinlərarası dialoq mərkəzinə çevrilib. Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Azərbaycan son illərdə bu sahədə onlarca beynəlxalq və regional konfrans, forum və simpoziumlara evsahibliyi edib.

Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizdəki dini dözümlülük, multikultural dəyərlər ümummilli liderimiz Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı məqsədilə əsasını qoyduğu “Bakı prosesi”, eləcə də digər dünya miqyaslı təşəbbüslərlə möhkəmləndi. Dövlətimizin ümumbəşəri ideyaların carçısı olması bizim üçün qürur mənbəyi, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərə çevrildi.

44 günlük Vətən müharibəsi müddətində siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı milli həmrəylik nümayiş etdirdi.

Vətən müharibəsində işğalçını həm də xalqımızın bu həmrəyliyi, birliyi vəlvələyə salmışdı. Siyasət və döyüş meydanında məğlubiyyətə düçar olan ermənilər bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa çalışsalar da, ölkəmizdəki birgəyaşayış modelinin sınaqlardan uğurla çıxdığını, böyük gücə çevrildiyini, Azərbaycanda tarixən yaşayan xalqların, dinlərin nümayəndələrinin hamısının azərbaycançılığa, Azərbaycan dövlətçiliyinə sıx bağlılığını və bu bağların illər keçdikcə daha da möhkəmləndiyini unutmuşdular.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəyliyimizin və bütün azərbaycanlıların Prezident İlham Əliyevin ətrafında birliyinin təntənəsi oldu. Bütövlükdə, 44 günlük savaşdakı Zəfərlə xalqımız Ali Baş Komandanımızın rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini göstərdi.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Bu 44 günlük müharibə bir daha göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.

Bununla da ümummilli liderimizin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın bütün uğurlarının, parlaq qələbəsinin təməlində XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti, zəmanəni qabaqlayan Heydər Əliyevin siyasəti və azərbaycançılıq ideologiyası dayanır.

 

Səyavuş HEYDƏROV,

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

"Xalq qəzeti"

Son baxılan xəbərlər

Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Xəbərlər
22.02.2019 / 16:04
Ətraflı oxu

“İnsan hüquqları” mövzusu müzakirə edilib

Xəbərlər
11.06.2021 / 17:56
Ətraflı oxu

Mingəçevirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işə başlayıb

Press-relizlər
14.05.2015 / 18:53
Ətraflı oxu

Dövlət Komitəsində görüş olub

Press-relizlər
14.12.2017 / 16:31
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli”ndə görüləcək işlərin detallarını açıqlayıb

Müsahibələr
22.02.2017 / 16:35
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
07.02.2022 / 17:03
Ətraflı oxu