
Xəbərlər / 06.05.2022 / 16:34
Mayın 6-da Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon İcra Hakimiyyəti (RİH), Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin nümayəndəsi Səftər Rəhimov, Salyan RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşı Sevinc Səmədova, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin rəsmiləri, eləcə də Salyan Qadın Resurs Mərkəzinin rəhbəri Sevda Quliyeva, məktəbin direktoru, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycanda gənclərin və uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması istiqamətində addımlar atılır, müvafiq sənədlər, dövlət proqramları qəbul edilir. O da bildirilib ki, bu istiqamətdə layihələrin həyata keçirilməsi gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.