
Xəbərlər / 06.05.2022 / 14:28
Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Hacıqabul rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İdeoloji təhlükəsizlik-sağlam gələcək” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli, Hacıqabul RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Füzuli İbrəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Hacıqabul rayon Uşaq və ailələrə dəstək Mərkəzinin əməkdaşı Yasəmən Sevdimalıyeva, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, bu cür seminarların keçirilməsində məqsəd vətəndaşlarımızı dünyada baş verən, dini mühitdə cərəyan edən tendensiyalar və proseslər barədə məlumatlandırmaqdır. Azərbaycanda dövlətçiliyin möhkəmləndirildiyi, vahid milli dövlət ideologiyasının inkişaf etdirildiyi, ölkəmizin ərazi bütövlüyü və milli-ideoloji təhlükəsizliyinin qorunduğu bir şəraitdə cəmiyyətin əxlaqi-ideoloji vəhdətinin vacibliyi ön plana çəkilməlidir. Milli təhlükəsizliyimizin əsasında da insanların uşaq yaşlarından vətənpərvər ruhda böyüdülməsi, onlarda milli kimliyin aşılanması dayanır. O da vurğulanıb ki, xalqımızın sağlam gələcəyə sahib olmağı üçün uşaqlar və gəncləri yad ideoloji təsirlərdən qorumaq zəruridir.